Rafael Martinetti: “Azərbaycanın güləşin inkişafında göstərdiyi xüsusi səylər onun bu sahədə ən yaxşı ölkə olduğunu deməyə əsas verir” - AÇIQLAMA

Rafael Martinetti: “Azərbaycanın güləşin inkişafında göstərdiyi xüsusi səylər onun bu sahədə ən yaxşı ölkə olduğunu deməyə əsas verir” - AÇIQLAMA

"Mənim Azərbaycana gəlişim qeyri-adi xarakter daşıyır". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında FİLA prezidenti Rafael Martinetti deyib. O, FİLA prezidentinin müxtəlif ölkələrdə keçirilən mükafatlandırma mərasimlərinə getmədiyini, lakin Azərbaycanın onun üçün xüsusi önəm kəsb etdiyinə görə bura gəldiyini qeyd edib: "Azərbaycan güləş üzrə 2 il ardıcıl ən yaxşı olan idmançıların ölkəsidir. Buna görə mən gəldim ki, mükafatı onlara şəxsən təqdim edim. Azərbaycan hər zaman mənim qəlbimdədir".
R.Martinetti Prezident İlham Əliyevin onu qəbul etdiyini və aralarında dostluq münasibəti olduğunu bildirib. O, ölkə başçısı İlham Əliyevin həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olmasının onun idmana verdiyi xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb: "Mən Prezident İlham Əliyevə idmana göstərdiyi dəstəyə görə təşəkkür edirəm". 
FİLA prezidenti hər dəfə müsahibələrində ondan niyə məhz Azərbaycana daha çox önəm verdiyini soruşduqlarını deyib: "Mən onlara deyirəm ki, bu, Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır. Son 5-6 il ərzində Azərbaycan güləşin inkişafında çox böyük nailiyyət əldə edib. Azərbaycanın güləşin inkişafında göstərdiyi xüsusi səylər onun bu sahədə ən yaxşı ölkə olduğunu deməyə əsas verir. Mən həmişə dünyada ən çox sevdiyim ökənin Azərbaycan olduğunu deyirəm. Ona görə ki, Azərbaycan tarixdə görünməmiş inkişafa nail olub".

Bütün xəbərlər Facebook səhifəmizdə