Nigar Arpadarai: “Yalnız F1 Azərbaycana deyil, Azərbaycan da F1-ə lazımdır" - MÜSAHİBƏ - SƏSTV
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin SİA-ya müsahibəsi:
- Sorğu nəticəsində 2017 Formula 1 dünya çempionatının ən yaxşı yarışı Azərbaycan Qran Prisi seçilib. Sizcə, ölkəmizdə keçirilən yarış digərlərini hansı cəhətlərdən arxada qoydu?
- Çox fəxrlə bildiririk ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı F1 yarışı adına layiq görüldü. Məlumat dünyanın ən nüfuzlu KİV-lərində çap olundu. Bu isə bizim ölkəmizin daha da tanıdılması deməkdir. Azərbaycanda keçirilən yarış çox maraqlı oldu. Qran Pri başlayandan sonadək azarkeşlər həyəcanlı anlar yaşadılar. Bizim trekin konfiqurasiyası da maraqlı qurulub, ötmələr, sürətin artımına imkanlar var. Bakı Şəhər Halqasında F1 yarışlarının ən dar döngəsi mövcuddur ki, bu da yarışa əlavə maraq qatır. Qəzalar, Rikkardonun son döngədəki ötməsi, Strolun podyuma çıxması, Fettellə Həmiltonun toqquşması və s. məqamlar Bakı yarışını çox maraqlı etdi. Fettellə Həmiltonun toqquşması mövsümün sonuna qədər bütün mətbuat konfranslarında yada salındı. Qran Pri günündə “Twitter”də #Azerbaijan GP həştəqi 3 saat ərzində birinci yerdə oldu. Bu, milyonlarla insana çıxış deməkdir.

- Üçüncü ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışının təşkilatçılığını yerinə yetirir. Artıq Azərbaycanın özünün təcrübəsi və özünəməxsus ənənəsi yaranıb. Sizcə, Azərbaycan Qran Prisində azarkeşlər və komandaların diqqətini digərlərindən daha çox cəlb edən özünəməxsusluq nədir?
- 2015-ci ildə 2016-cı ilin yarışı üçün hazırlaşanda digər Qran Prilərə səfər edib, onlardan öyrənməyə çalışırdıq. Bilirisiniz ki, Formula 1 yarışları 20 ölkədə keçirilir. İyirmi ölkə arasında seçilmək çox çətindir. Tam əminliklə deyə bilərəm ki, biz bir çox sahələrdə hətta digərlərini üstələyə bildik. Əyləncə zonamız F1-də olan ən böyük və zəngin əyləncə zonalarından biridir. Bakı və bulvar çox gözəldir. Biz isə ora F1 ab-havası əlavə edirik. Komandalar və media nümayəndələri hava limanında qarşılanır, bilet alan azarkeşlər üçün konsertlər, jurnalistlərə isə kokteyl təşkil edilir. Hava limanına enərkən insanlar Bakının F1 şəhəri olduğunu görürlər. Tikinti işlərimiz kompleks təsəvvürü bağışlayır. Fanatlar isə hər il daha da artır.
- 2018-ci ildə keçiriləcək Azərbaycan Qran Prisinin tikinti-quraşdırma işlərinə nə zaman start veriləcək?
- 2016-cı ildə Qran Pri zamanı tikinti işlərimiz çox böyük idi. İkinci il isə daha rahat oldu. Çünki işlərin çoxu keçən ildən görülmüşdü. Niyazi küçəsindəki qənbər daşlı hissədə asfalt qatı yeniləndi. Bu il isə işlər daha da azalıb. Pit binası sökülməyib, hazır vəziyyətdədir. Beton bloklar bir ərazidə qalıb. Digər tərəfin asfalt qatı tam olaraq yenilənib. Tikinti işləri əvvəlki illərə nisbətən daha azdır. İnsanlara narahatlıq törətməmək üçün işlər mərhələli şəkildə davam etdirilir.
- Bilet satışları necə davam edir?
- Noyabrın əvvəlindən bilet satışına start verilib. Həm xairci, həm də yerli azarkeşlər üçün endirim kampaniyamız mövcuddur. Azarkeşlər dekabrın 31-dək biletləri 20 faiz endirimlə əldə edə bilərlər. Biletlərin satışından razıyıq. Ötən illə müqayisədə, indi daha çox bilet satılır. Bilet satışında ilk onluqda birinci yerdə Böyük Britaniya gedir. Bu ölkənin fanatları çox aktivdirlər. Onluqda Niderland, Rusiya, Azərbaycan, Gürücüstan kimi ölkələr var. Bundan sonra da kampaniyalarımız olacaq, ancaq hazırda ən böyük endirim kampaniyası davam edir.

- 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatı başa çatıbmı?
- Bəli. Könüllülərin qeydiyyatı başa çatıb. Bizim kifayət qədər güclü könüllü bazamız var. Biz ötən il aktiv könüllüləri Monza Qran Prisinə göndərmişdik. Bu il də aktiv könüllləri Monako Qran Prisinə göndərəcəyik. Yaxın zamanda könüllülərin təlimləri başlayacaq və daha peşəkar səviyyədə keçiriləcək. Bu il dil bilikləri, liderlik, kommunikasiya bacarıqlarına aid təlimlər olacaq. Ümumilikdə, Qran Pridə üç min könüllü iştirak edəcək.
- 2018 Formula 1 Azərbaycan Qran Prisində əvvəlki illərlə müqayisədə yalnız əyləncə zonasında bəzi dəyişikliklər olacaq. Bu dəyişiklikləri zəruri edən nə oldu?
- Hər zaman çalışırıq ki, yenilik edək. Oyun zonaları, F1 aid olan promo materialların satış mərkəzləri, yeyib-içmək yerləri əvvəlki kimi qalacaq. Lakin hər il çalışırıq ki, yeni əyləncələr artıraq. Hər il insanların daha çox nəyi bəyəndikləri haqqında araşdırmalarımız olur. Onun əsasında yeni planımızı qururuq. Bu il əsas dəyişikliyimiz konsertlərin keçiriləcəyi yerlə bağlıdır. Belə ki, konsertlər açıq havada deyil, Kristal Zalda təşkil ediləcək. Bu addımı hava şəraitindən özümüzü sığortalamaq üçün atacağıq.
- Media nümayəndələrinin akkreditasiyası prosesinə nə zaman start veriləcək?
- Jurnalistlərin akkreditasiyası bu günlərdə başlayacaq. Yanvar ayının ortalarında media nümayəndələrinin akkreditasiyadan uğrula keçə bilmələri üçün təlimlər də təşkil ediləcək. Biz çalışırıq ki, daha çox jurnalistlərimiz akkreditasiya alsın. Bu prosesdən uğurla keçən jurnalistlər 2016-cı ildə az idisə, 2017-ci ildə daha çox oldu. İnanıram ki, 2017-ci ildə akkreditasiyadan keçən media nümayəndələrimiz daha çox olacaq.
- Azərbaycan Qran-Prisinin vaxtının dəyişdirilməsi yarışın hazırlığa necə təsir edib?
- Qrafiklərimiz dəyişib. Biz hazırlığa iki ay öncə başlayırıq. Vaxt çox olanda, daha çox işlər görmək imkanı olur. Lakin çalışacağıq ki, heç bir halda vaxt azlığı hazırlıqlarımıza təsir etməsin. Komandamız təcrübəlidir və işlər aprel ayı üçün tam hazır olacaq.
- Bundan öncə ölkəmizdə keçirilən hər iki Qran Pri həm təşkilatçılıq, həm də idman tərəfdən dünyanın diqqət mərkəzində oldu. 2018-ci ildəki yarışdan nə gözləyirsiniz?
- Təşkilatçı olaraq hazırlıqlarımızı görürük. Lakin gözləyirik ki, pilotlar da məharətlərini göstərsinlər. Adətən yarışın necə keçməsi pilotlardan asılı olur. Ümid edirik ki, növbəti Qran Pri də çox maraqlı olacaq, azarkeşlər həyəcanlı anlar yaşacaq, əyləncə proqramlarımız onların zövqünü oxşayacaq.
- Formula 1 yarışları Azərbaycana nə qazandırıb?
- Ölkəmizdə keçirilən son Qran Pridən sonra bəlli oldu ki, yalnız Formula 1 Azərbaycana deyil, Azərbaycan da Formula 1-ə lazımdır. Çünki təqvimdə çox maraqlı və özünəməxsus yer qazana bildik. F1-ə hətta skeptik yanaşan fanatlar da Azərbaycana tamamilə başqa gözlə baxdılar. Ölkəmiz dünya mediasının və milyonlarla F1 azarkeşlərinin diqqətini cəlb etdi. Turizm baxımından da ildən ilə ölkəmizə daha çox turist gəlir. F1 in milyonlarla auditoriyası var. Qeyd edim ki, F1 mövsümünü 500 milyon insan izləyir. Azərbaycan tamamilə başqa mərhələyə addım atdı. Formula 1 yarışları ölkəmizdə turizmin, biznesin, avto idmanın inkişafı baxımından böyük təkan oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB