Azərbaycan UİAA-nın üzvlüyünə qəbul olunub

Azərbaycan UİAA-nın üzvlüyünə qəbul olunub

İtaliyanın kurort şəhəri olan Bormioda Beynəlxalq Alpinistlər İttifaqı UİAA-nın Baş Assambleyası keçirilib. SİA-nın məlumatına görə, Assambleya çərçivəsində dağlarda komaların inkişafına həsr edilmiş konfrans təşkil olunub. Konfransı UİAA-nın Prezidenti Mayk Mortimer açıb. Konfransda Dağların mühafizəsi komissiyasının prezidenti L. Makmillan, "E++" Ekoloji təmiz enerji alınması qurğuları istehsalı şirkətinin prezidentı F .Filippi, Pakistandakı Baltoro buzlağının təmizlənməsi layihəsinin rəhbəri M.Lokatelli, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) nümayəndəsi Y. Nəcəfova, UİAA-nın təbabət üzrə komissiyasının nümayəndəsi E. Donageni, Kanada Alpinistlər İttifaqının nümayəndəsi K. Rollins məruzə ilə çıxış ediblər.

Assambleya çərçivəsində həmçinin İcraiyyə Komitəsinin iclasları keçirilib, digər assambleya nümayəndələri üçün isə İsveçrə ilə sərhəddə yerləşən dağ xizəkçiliyi şəhəri olan Liviqno və Chiaicciaio dei Forni buzlağına ekskursiyalar təşkil olunub, dağ mədəniyyətinə həsr olunan seminar təşkil olunub. Bu seminarda dağ idman növləri və alpinizm üzrə muzeylərin, habelə kitabxanaların (o cümlədən virtual) yaradılması müzakirə olunub.

FAİREX-in prezidenti Hüseynqulu Bağırov UİAA-nın prezidenti Mayk Mortimer və Baş Katib Niko de Yonqla işgüzar görüş keçirib.

Baş Assambleyanın gündəliyinin əsas məsələlərindən biri də UİAA-ya üzvlük üçün müxtəlif klublardan, assosiasiyalardan və federasiyalardan daxil olmuş ərizələrə baxılması olub. Bu məqsədlə UİAA-ya 10-a yaxın (o cümlədən ikisi Azərbaycandan olan federasiyalardan habelə, Türkiyənin "Zirvə" klubundan, İrandan "Alpinist" klubundan, Himalay institutundan, skayrannerlər federasiyasından və s.) ərizə daxil olub. Üçtərəfli danışıqlar əsasında razılığa gəlinib ki, Azərbaycandan olan hər iki federasiya UİAA-da bərabər hüquqlu şərtlərlə təmsil olunsub. Səsvermədə Azərbaycan assambleya nümayəndələrinin yekdilliklə səsini qazanaraq UİAA üzvlüyünə qəbul olunub. Assambleyanın işi qurtardıqdan sonra axşam vida ziyafəti təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə