“Neftçi”nin qapıçısı: "Asanlıqla növbəti mərhələyə keçə bilərik" - MÜSAHİBƏ

“Neftçi”nin qapıçısı: "Asanlıqla növbəti mərhələyə keçə bilərik" - MÜSAHİBƏ

“Neftçi”nin qapıçısı Rəşad Əzizli ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə” ilə qarşılaşmadan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Üstünlük bizdə idi. Son dəqiqələrdə buraxdığımız qoldan sonra toparlanmaq çətin oldu. Amma qarşıda cavab oyunu var. İnanıram ki, turu “Neftçi” keçəcək.

- Sizcə, buraxdığınız qolda nə dərəcədə səhviniz var idi?

- Deməzdim ki, orda səhv etdim.

- Topu çıxarda bilərdiniz?

- İstənilən topu çıxarmaq olur. Sadəcə, həmin epizodda topun dirəyə dəyib qapıya daxil olması bəxtsizlik idi. Çətin vəziyyət idi. Epizoda yenidən baxacağam.

- Bəlkə zərbəni gözləmirdiniz?

- Yox, rəqibin zərbə vuracağını gözləyirdim. Bəlkə də top trayektoriyasını dəyişdiyi üçün məni çaşdırdı. Oyundan sonra analiz edəcəm. Səhv varsa, özüm üçün nəticə çıxaracam.

- Cavab oyununda “Neftçi” daha çox hücum etməli olacaq...

- Öz oyunumuzu oynayacağıq. İlk görüşdə dəyərləndirə bilmədiyimiz epizodlardan ikinci oyunda yararlanmağa çalışacağıq. Öz oyunumuzu oynasaq, asanlıqla növbəti mərhələyə keçə bilərik.

- Müdafiə xəttində ləng hərəkət edən futbolçular meydana çıxmışdı. Bu, sizə problem yaratmadı?

- Ağır futbolçular olsalar da, təcrübələri çoxdur. Rəşadın təcrübəsi göz qabağındadır. Kirill zədəli olduğu üçün Sadiqov həmin mövqedə çıxış etdi.

- Tərlan Əhmədov mətbuata müsahibəsində 3-cü qapıçı transfer etmək istədiklərini bildirib. Bu barədə nə düşünürsünüz?

- Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Qapıçı lazımdırsa, buyursunlar. İstənilən qapıçı ilə rəqabətə hazıram. Bu, məni narahat etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə