Tropik səhra iqlimi, 30-35 dərəcə isti. Hara baxırsan dəbdəbəli göydələnlər və plazalar görürsən. Bakıdakı soyuqdan 3-4 saat sonra burada olanda insan bir anlıq sobaya düşdüyünü zənn edir. Sonra hava şəraitinə adaptasiya olursan. Təbii ki, yay geyiminə keçməklə. Bu şəhər Fars körfəzinin şimal-şərq hissəsində adada yerləşir. Adanı materiklə üç avtomobil körpüsü birləşdirir. Bura Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) əhalisinin sayına görə 2-ci ən böyük şəhəri olan, paytaxt Əbu Dabidir.
Bu şəhərdə istirahət yox, peşə fəaliyyətimlə bağlı qonaq oldum. Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyi 2017 Formula 1 mövsümünün sonuncu yarışı olan Əbu Dabi Qran Prisində olmaq, oradakı mübarizəni, təşkilatçılığı canlı şəkildə görmək və işıqlandırmaq üçün bütün xərcləri qarşılayaraq 5 media nümayəndəsini sözügedən şəhərə göndərdi. Həmin 5 jurnalistin içində mən də var idim. Qeyd edim ki, şirkətin əməkdaşları işlərini peşəkarlıqla yerinə yetdirdilər. Çox sərt qaydaları olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) bizim Qran Pridə iştirakımıza etiraz etməsi üçün, kiçik də olsa heç bir səbəb olmadı.
Əbu Dabiyə çatdığımız andan bu şəhərdə xidmət sahəsində əsasən əcnəbilərin çalışdığı məlum oldu. Mövsümün son yarışına o qədər çox azarkeş gəlmişdi ki, otellərdə yer tapmaq müşkül məsələyə çevrilmişdi. BŞH-nin əməkdaşlarının peşəkarlığı sayəsində yerlərimiz öncədən sifariş edildiyi üçün çox rahat şəkildə “Radisson Blu” oteldə məskunlaşdıq. Fars körfəzinin sahilində yerləşən otel yarışın keçiriləcəyi “Yas Marina” trekinə çox yaxın olsa da, giriş üçün piyada təxminən 15 dəqiqəlik məsafə qət edilməli idi.
Əbu Dabidə təşkil edilən F1 yarışı Bakı, Monako, Sinqapur Qran-Prilərindən fərqlənir. Çünki adıçəkilən yerlərdə yarış şəhərin mərkəzində təşkil edilir. Burada isə Qran Pri şəhərin mərkəzindən aralı, hazır mövcud olan avtodromda keçirilir. Ona görə bu yarışları müqayisə etmək düzgün olmaz.
Əbu Dabidə keçirilən F1 yarışı yaxşı təşkil olunmuşdu və FİA-nın qaydalarına tam uyğun idi. Tras, tribunalar, azarkeşlər üçün yaradılan şərait, əməkdaşların işləri qənaətbəxş idi.
Ancaq bir jurnalist kimi gördüyüm bir neçə məqamı da vurğulamaq istəyirəm. Ölkəmizdə könüllülük hərəkatı o qədər yüksək səviyyədə formalaşıb ki, insan başqa ölkədə də eyni xidmətin olacağını gözləsə də, bunun şahidi ola bilmir. Sərbəst yürüşlərdən öncə ilk dəfə “Yas Marina” trekindəki media mərkəzinə getmək üçün təhlükəsizlik xidmətinin bir neçə əməkdaşından yolu soruşduq. Sonradan anladıq ki, yaxın yol olduğu halda, bizi bir neçə dəfə uzaq olan yoldan göndəriblər. Düzdür, getdiyimiz həmin yerdən də bizi xüsusi ayrılmış avtobus media mərkəzinə apardı. Ancaq heç bir yerdə nə azarkeşlərə, nə də jurnalistlərə kömək etmək üçün könüllülər görmədik.
Media Mərkəzində jurnalistlər üçün yaradılmış şəraitə də yaxşı demək olar. Ancaq Azərbaycan Qran Prisində media nümayəndələri üçün yaradılan şəraitlə müqayisə edilə bilməz. Əbu Dabidə jurnalistlərin yarışı izləməsi, nəticələrdən xəbər tutması üçün cəmi iki monitor quraşdılımışdı ki, bu monitorlarda yazılanları arxa cərgələr görə bilmirdilər. İnternet üçün WIFI parolunun açılması üçün isə oranın əməkdaşlarının bir-bir hər jurnalistin kompüterinə yaxınlaşmasını gözləmək lazım idi. Hər hansı bir müsahibə, açıqlama və ya digər vacib iş yemək saatına düşsə, həmin vaxtdan sonra yemək talonu etibarlılığını itirmiş olurdu. Əgər Azərbaycan Qran Prisində bu və digər məqamların necə yüksək səviyyədə təşkilini görməsəydik, bəlkə də bu amilləri qabartmazdıq.
Yarışın əyləncə zonasında azarkeşlərin əylənmələri üçün yaradılan şərait və pilotların mübarizəsinin maraqlılığı da Azərbaycan Qran Prisi ilə ayaqlaşa bilməz.
Qeyd etdiyim bu amillərin olmasına baxmayaraq , mövsümün son yarışı uğurla keçirildi.
Bir neçə yarış öncədən 2017 Formula 1 dünya çempionatının qalibi olmuş “Mercedes”in pilotu Lyuis Həmilton Əbu Dabidə ikinciliklə kifayətləndi. Onun komanda yoldaşı Valtteri Bottas isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Sebastyan Fettel qapadı.
Onu da qeyd edim ki, yarışı izləyənlər arasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BŞH-nin rəhbər şəxsləri də var idi.
BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və şöbənin əməkdaşları isə Azərbaycandan gələn media nümayənlərinin yarışı yüksək səviyyədə işıqlandırması üçün əllərindən gələni edirdilər.
Qran Pridən sonra şəhərdə gəzməyə də vaxt tapdıq. Yaddaqalan məqamlardan biri burada hər şeyin baha olmasıdır. Ərzaq, geyim, bəzək və s. əşyalar, taksi xidməti Azərbaycanla müqayisədə çox bahadır. Bəlkə də burada turistlərin çoxluğu qiymətlərin baha olmasına gətirib çıxarıb.
Ümumilikdə, BHŞ-nin təşkilatçılığı ilə Əbu Dabiyə səfərimiz çox uğurlu və səmərəli keçdi. Heç vaxt olmadığımız şəhərin mədəniyyəti, həyatı, insanları və s. sahələrlə tanış olduq. Ən əsası isə, ilk dəfə olaraq Azərbaycandan başqa ölkədə Formula 1 yarışında olub, bu həyəcanı yaşayıb və yarışı işıqlandırmaq fürəsti qazandıq.
Bütün bunlara və məni də səfərə göndərmək üçün seçdiyinə görə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB