Xəbər verdiyimiz kimi, 2017-ci ildə keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo Azərbaycandadır. SİA-nın məlumatına görə, məşhur pilot bu gün media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Öncə D.Rikkardo Bakı haqda təəssüratlarını bildirib: “Bura gələndən çox maraqlı 24 saat keçirmişəm. İyun ayı ilə müqayisədə indi hava soyuqdur. Amma ab-hava çox istidir. Burada hamı mənə dəstək olur. Mənə yaxınlaşırlar, şəkil çəkdirmək, avtoqraf istəyirlər. Bakı treki qeyri-adi və cəlbedicidir. Bunu burada qalib gəldiyim üçün demirəm. Mütəxəssislər, azarkeşlər və pilotlar da belə deyir”.
Pilot Qran Prilər arasında bazar günü keçirilən əsas yarışlardan ən yaxşısının Bakıda baş tutduğunu vurğulayıb. O, gələn il üçün planlarından danışıb: “Bu ilə böyük ümidlə baxırdıq. Düşünürdük ki, “Mercedes” və “Ferrari”yə meydan oxuya bilərik. Lakin alınmadı. Növbəti mövsüm əvvəldən özümüzü yaxşı göstərməliyik. Şəxsi göstəricilərimi yaxşılaşdırmalı, səhvlərə yol verməməliyəm. Əminəm ki, 2018-cil bizim üçün daha yaxşı ola bilər”.
D.Rikkardo bir çox pilotlara hörmət etdiyini vurğulayıb. O, Lyuis Həmiltonu xüsusilə qeyd edib: “Həmilton soyuqqanlıdır. Yarış qızışanda öz soyuqqanlılığını itirmir. O, bütün yarışları tamamlaya bilib. Biz bu cür rəqiblə mübarizə aparacağıq”.
Pilot F1-in yeni loqotipini bəyəndiyini qeyd edib.
Sürücü hələ ki, F1 kayerasını bitirməyi düşünmədiyini də diqqətə çatdırıb.
“Bakı trekində nə xoşunuza gəlir?” sualına D.Rikkardo belə cavab verib: “Burada yol enişli-yoxuşludur. Bir yerdə səhv etsəniz, baha başa gələcək. Riski sevən adamam. Bura xoşuma gələn trasdır. Bakıda maşın sürmək xoşdur”.
O, ən güclü pilotlar sırasında özünü birinci gördüyünü, ancaq Lyuis Həmiltonun da ən yaxşı maşını sürməsinə baxmyaraq, yüksək bacarığının olduğunu deyib. D.Rikkardo Fernando Alonsonun da təcrübəli pilot olduğunu qeyd edib.
Sürücü mövsümün son yarışı olan Əbu-Dabi Qran Prisindəki çıxışı haqda da danışıb: “Əbu-Dabidə yaxşı mübarizə aparırdım. Sebastyanın ardınca gəlirdim. Çalışırdım ki, onu keçim. Sonra isə hidravlikada müəyyən problemlər yaşandı. Biz hidravlikanı itirəndə gücü itiririk. Anladım ki, maşında nə isə düzgün getmir. He nəyi dəyişə bilmədim və dayanmaq məcburiyyətində qaldım. Əlbəttə, bu məyusedici bir an idi. Maks və mən ümumilikdə 13 yarışı tamamlaya bilmədik. Bu göstərici olduqca çoxdur. Çempionatda belə olmamalıdır. Lyuis bütün yarışları tamamlaya bilib. “Mercedes”in bu etibarlılıq səviyyəsi ilə rəqabət aparmaq gücündə olmalıyıq. Ümidvaram ki, 2018-ci ildə buna nail olacağıq”.
D.Rikkardo Bakı trasında heç bir dəyişiklik istəmədiyini vurğulayıb: “Bakı məni məmnun etdi. İstəyirəm ki, buradakı tras 2017-ci ildəki kimi qalsın. Bəlkə, İçəri Şəhərdəki döngəni 30 sm çəksələr, daha yaxşı olar. İl ərzində ən ecazkar tras Bakı treki oldu. Çünki burada qalib gəlmişəm”.
O, 2018-ci ildə Bakıda məharətlə yarışacağını, maşının heç bir yerə çırpılmayacağına ümid etdiyini deyib: “Qoy rəqiblər baryerə çırpılsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB