MOK və “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR SƏS TV

MOK və “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR SƏS TV

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, “Bir” Tələbə könüllü proqramının əməkdaşları və müxtəlif idman federasiyalarının nümayəndələri də iştirak edib.

Memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Sənədin imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, idmana və xüsusilə Olimpiya Oyunlara marağın artırılması, gənclərə asudə vaxtlarını səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmaq, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Tədbirin giriş sözü ilə açan MOK-un vitse-prezidenti Ç.Hüseynzadə idmanın gənclərin həyatındakı vacib rolunu vurğulayıb: “MOK-un könüllülərlə əlaqədar ilk rəsmi layihəsi 2014-cü ildə həyata keçirilib. Bu layihə ilk dəfə təşkil edilən atletika üzrə Yeniyetmələrin Avropa Olimpiya Təsnifat yarışı üçün könüllü hazırlığından ibarət olub. Odur ki, siz könülllülər hərəkatının birincilərisiniz və bu hərəkatın bundan sonrakı inkişafı sizdən asılıdır”

Təhsil nazirinin müavini Firudin Qurbanov “Bir” Tələbə-Könüllü proqramının üstünlüklərindən danışıb: “Tələbə könüllülərin Vətənə olan məhəbbəti, qonaqpərvərliyi, iradələri ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edir”.

Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərində fəal iştirak etmiş könüllülər təltif edilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq. Bu proqram onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, “Bir” Tələbə-Könüllü Proqramının iştirakçıları daha öncə Milli Olimpiya Komitəsinin çoxsaylı tədbirlərində iştirak ediblər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə