Nigar Arpadarai: “Səsvermədə Azərbaycan Qran Prisi birinci yerə çıxıb” - MÜSAHİBƏ

Nigar Arpadarai: “Səsvermədə Azərbaycan Qran Prisi birinci yerə çıxıb” - MÜSAHİBƏ

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin SİA-ya müsahibəsi:

- 2017 Formula 1 mövsümü başa çatdı. Siz bu mövsümü necə qiymətləndirirsiniz?

- Bu mövsüm Formula 1 üzrə dünya çempionatı çox maraqlı keçdi. Rəhbərlik “Liberty Media”ya keçəndən sonra yarışlarda müəyyən dəyişikliklər oldu. Ümumilikdə, yeni rəhbərliklə münasibətlərimiz çox yaxşıdır. Bunu bizim yarışdan sonra xüsusilə hiss elədik. Təşkilatçı olaraq bizə işləmək indi daha rahatdır. Yeni rəhbərlik “online” təbliğata çox üstünlük verir. Formula 1-in səhifəsinin özü də aktivdir. Pilotlara icazə verilir ki, özləri səhifələrini aktiv təbliğ etsinlər. Yeni rəhbərliyin komandası Bakı və gördüyümüz işlərlə tanış olandan sonra buradan yüksək fikirlərlə ayrıldılar. Ancaq onu da unutmamalıyıq ki, F1 in bu qədər maraqlı olması əvvəlki rəhbərliyin işidir. Onun komandasının gördüyü iş sayəsində F1 bu səviyyəyə çatıb.

- 2016 və 2017-ci illərdə Azərbaycanda keçirilən F1 yarışları ölkəmizin dünyada daha çox tanıdılması üçün qarşıya qoyulan məqsədə çatdı?

- Azərbaycan üçün bu yarışların önəmi hədsiz dərəcədə çox idi. Çünki yarışların həm idman, həm də əyləncə tərəfi o qədər maraqlı keçdi ki, bura gələn hər kəs çox razı qaldı. Biz Əbu Dabi Qran Prisi zamanı beynəlxalq mətbuatın nümayəndələri ilə görüşdük. Onlar Azərbaycan haqda çox yüksək fikirdə idilər. Almaniya, İsveçrə, Niderland və s. dünya ölkələrindən olan fanatlar arasında səsvermə keçirilib və Azərbaycan Qran Prisi birinci yerə çıxıb. F1-in dünyada 500 milyon izləyicisi var. Bu çox böyük aiditoriyadır. Artıq 2 yarış keçirmişik. Meksika, ABŞ, BƏƏ və digər ölkələrdə olarkən Azərbaycan haqqında çox gözəl fikirlər səsləndirdilər. Ölkənin tanıdılması baxımından F1 yarışı Azərbaycana çox xeyir verib. 2017-ci ildə bilet satışından göründü ki, ikinci il ölkəmizə 2 dəfə çox xarici vətəndaşlar gəldilər. Bizim hər ilin əvvəli hədəfllərimiz olur. 2017-ci ildə gözlədiyimizdən artıq irəliləyişə nail olmuşuq. Hazırda saytımıza bilet alışı üçün ən çox İngiltərədən girilir. Rusiya isə həmişə birinci yerdə olur. Ötən yarış zamanı biz xaricilər arasında sorğu keçirdik. Onların 95 faizi bildirdilər ki, burada oduqlarına görə çox sevinirlər və yenidən Azərbaycana gəlmək istəyirlər. Biz standartları çox yüksək qoymuşuq.

- Növbəti Azərbaycan Qran Prisində könüllülərin seçimində yenilik olacaq?

- 2016-cı ildə keçirilən yarışda 5 min könüllü var idi. 2017-ci ildəki yarışda isə 3 min könüllü fəaliyyət göstərdi. 2018-ci ildə də 3 min könüllü seçiləcək. Budəfəki seçimdə ingilis dilini bilmək mütləq şərt kimi qoyulacaq. Könüllülər üçün tamamilə başqa, peşəkar təlimlər keçiriləcək. Xarici dildə danışıq, ünsiyyət qurmaq, liderlik bacarığı və s. öyrədiləcək. Könüllülərin içərisindən daha aktivlər seçiləcək. Onu da qeyd edim ki, biz daha aktiv olan könüllüləri işə də dəvət edirik və başqa Qran Prilərə göndəririk.

Könüllü marşallarımız da işlərini peşəkarlıqla yerinə yetirirlər. Hər Qran Priyə bizim marşallarımızdan 10-15 nəfər gedərək orada işləyirlər. Biz birinci il Bəhrəyndən təlimlər üçün mütəxəssislər dəvət edirdiksə, indi buna ehtiyac görmürük. Öz gücümüzə əsaslanacağıq.

- 2018-ci ildə keçiriləcək Azərbaycan Qran Prisinin vaxtının dəyişilməsi iş qrafikinə təsir edib?

- Yarışın vaxtının aprel ayına dəyişilməsi iş qrafikimizin də dəyişiləməsi ilə nəticələnib. İndi iş qrafikimiz daha sıxdır. Planlanmaya vaxtımız isə azdır. Biz əməliyyat prosesinə keçmişik. Ardıcıl tədbirlərimiz təşkil edilir. Biletlərdə endirim kampaniyasına başlamışıq, sərgilərdə iştirak edirik, müxtəlif tədbirlər həyata keçiririk. Onu da qeyd edim ki, “Red Bull”un pilotu Daniel Rikkardo Bakıya səfər edəcək, media üçün təlimlər təşkil ediləcək. Tikinti baxımından işimiz ildən ilə azaldğı üçün heç bir çətinlik yoxdur. Pit binası sökülməyib, əsas qurğularımız mövcuddur. Yanvar ayından onların quraşdırılmasına başlanılacaq. Əyləncə zonasında dəyişikliklər olacaq. Hansısa hissədə müəyyən örtüklər quraşdırıla bilər. Ola bilər ki, açıq havada olmaması üçün konsertin yeri dəyişdirilsin. Komandamız təcrübəli olduğu üçün bütün bunları normal qarşılayır. İşimizi yüksək səviyyədə həyata keçirməyə çalışacağıq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə