Nazir: “Azərbaycan Qran Prisinin əyləncə proqramında dəyişiklik ediləcək” - MÜSAHİBƏ

Nazir: “Azərbaycan Qran Prisinin əyləncə proqramında dəyişiklik ediləcək” - MÜSAHİBƏ

Gənclər və idman naziri Azad Rəhimov Formula 1 üzrə Əbu Dabi Qran Prisinə ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, öncə yarışın təşkilatçılığı haqda fikirlərini bildirib:

- Əbu Dabi Qran Prisi şəhər traslarında keçirilən yarışlardan fərqlidir. Burada yarış Yas Marina trekində təşkil olunur. Hərəsinin öz çətinliyi var. Ona görə, bu yarışı Azərbaycan Qran Prisi ilə müqayisə etmək olmaz. Bakı Şəhər Halqasında keçirilən yarış çox yüksək səviyyədə təşkil olunur. Əbu Dabidə olduğumuz müddətdə də heç-bir problem yaşamamışıq. Bu yarışın təşkilat komitəsi də öz işinin öhtəsindən məharətlə gəlib.

- Ötən illərlə müqayisədə burada hansı yeniliklər olub?

- Əbu-Dabi Qran Prisində birinci dəfədir iştirak edirəm. Ona görə hansı yeniliklərin olduğunu deyə bilmərəm. Buradakı yarış çox fərqlidir. Mən Sinqapur, Monako və təbii ki, Bakıda keçirilən yarışda iştirak etmişəm. Bu yarışlar şəhər trasında təşkil olunur. Ancaq ayrıca yarış trası tamamilə fərqlidir. Formula 1 mövsümünün son yarışına Əbu Dabi şəhəri yaxşı hazırlaşıb.

- Gələn il Azərbaycan Qran Prisi aprel ayında keçiriləcək. Bakıda hazırlıq sürətlə davam edir. 2018-ci ildəki yarışda hansı yeniliklər olacaq?

- Əyləncə proqramında biraz dəyişiklik ediləcək. Dənizkənarı Bulvardakı əyləncə zonasında yeniliklər planlaşdırılır. Orada yeni əyləncə mərkəzi olacaq. Biz tribunların və oturacaqların sayını artıracağıq. Skayboksların sayını da artırmağı planlaşdırırıq. Paddok binası hazırdır, burada dəyişiklik olmayacaq. Qalan digər hazırlıq işləri isə plana uyğun şəkildə aparılır.

- 2019-cu ildə keçiriləcək yarışın hansı ayda təşkil olunacağı barədə müzakirələr olub?

- Bizim üçün yarışın aprel, may, iyunda keçirilməsinin heç bir fərqi yoxdur. Burada müxfəlif məqamlar nəzərə alına bilər. Tədris ilinin bitməsi, hava şəraiti və s. İyulda çox isti olur. Apreldə isə kifayət qədər sərinlik olur ki, bu da pilotların xoşuna gəlir.

Elgün Vidadioğlu

Əbu Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə