Faiq Həsənov: "Şahmatçılarımız ölkəmizin idman tarixində yeni səhifə açdılar" TƏDBİR - FOTO
Bu gün Gənclər və İdman Nazirliyində Yunanıstanın Krit adasında Avropa komanda çempionatının qalibi olmuş kişi şahmatçılardan ibarət Azərbaycan millisinin uğurlu çıxışına həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidentləri Mahir Məmmdov, Faiq Həsənov və milli komandamızın üzvləri iştirak ediblər.
Nazir müavini İ.İsmayılov bildirib ki, artıq üçüncü dəfədir şahmatçılarımız Avropa komanda çempionatında qalib olurlar: “Komandamız ilk dəfə 2009-cu ildə, ikinci dəfə isə 4 il sonra qitənin ən güclüsü olduğunu sübut etdi. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir.
Azərbaycan idmanında uğurlar təkcə şahmatla kifayətlənmir. Digər idman növlərində də qazanılan nailiyyətlər göz qabağındadır. Zəka sahblərimizin yüksək nəticələr qazanmasında AŞF-də aparılan uğurlu fəaliyyət mühüm rol oynayır”.
AŞF-nin vitse prezidenti F.Həsənov deyib ki, Avropa komanda çempionatı Olimpiadadan sonra ikinci sınaq idi: “Məqsəd mükafatçılar srasında yer almaq idi və buna da nail olduq. Ən əsası isə komandamıza olan inamsızlığı aradan qalıdrmaq idi. Şahmatçılarımız da bunun öhdəsindən uğurla gəldilər. Çempionata millimiz məğlubiyyətlə başladı. Komandamız zəif hesab olunan İtaliya yığmasına uduzdu. Ancaq millimiz toparlanaraq qalib gəlməyi bacardı. Şəhriyar Məmmədyarov ilk turda oynamadı. Biz bildirdik ki, həlledici görüşlər sonrakı turlarda keçiriləcək. Ümumiyyətlə, dünya praktikasında liderlər ilk turda istrahət edirlər. Bu praktikadan biz də yararlandıq”.
Zəka sahiblərimizin Avropa çempionatındakı partiyalarını dəyərləndirən AŞF-nin vitse-prezidenti şahmatçılarımızın ölkəmizin idman tarixində yeni səhifə açdıqlarını diqqətə çatdırıb.
Millimizin Avropa çempionatına favorit kimi yollandığını bildirən AŞF-nin vitse-prezidenti M.Məmmədov isə şahmatçılarımızın fərdi keyfiyyətlərini yüksək qiymətləndirib. O, ölkəmizdə şahmatın inkişafı istiqamətində görülən işlərdən danışıb: “Həmişə komandamızı belə görmək istərdim. Millimiz qazandığı uğurla hamımızı sevindirdi. Ümid edirəm ki, uğurlar bundan sonra da davam etdiriləcək. Çünki uğur qazanmaq üçün ölkəmizdə hər cür şərait var. Çalışacağıq ki, olimpiadada qələbə qazanaraq xalqımızı sevindirək”.
Konfransda millimizin üzvü Şəhriyar Məmmədyarov da fikirlərini bildirib: “Artıq üçüncü dəfədir Avropa çempionu oluruq. Düzdür, ilk çempionluqla bunun arasında böyük fərq var. Amma yenə də bu uğur bizi çox sevindirir. Çempionat gərgin idman mübarizəsi şəraitində keçdi. Komandamız yarışa çox ciddi hazırlaşmışdı. Rusiya turnirin favoriti idi. Ancaq biz onları məğlub etməyi bacardıq. Qazanılan uğur münasibətilə xalqımızı təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB