Elxan Məmmədov: "Qurban Qurbanovun təyinatı üçün bundan gözəl vaxt ola bilməzdi" - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun millimizin baş məşqçisi təyin edilməsinə münasibətini bildirib. SİA-nın məlumatına görə, o, jurnalistlərə müsahibəsində bu təyinatı futbol ictimaiyyətinin çoxdan gözlədiyini deyib:
- Sürpriz olmadı. İcraiyyə Komitəsinin iclası zamanı biz ondan zaldan çıxmağı xahiş etdik ki, hamı öz fikrini sərbəst ifadə edə bilsin. Açıq müzakirə getdi. Qurban Qurbanova uğurlar arzulayırıq. Dekabrda onunla uzunmüddətli – 3 seçmə mərhələni əhatə edən müqavilə imzalanacaq.
- Qurban Qurbanovdan başqa milliyə namizədlər var idi?
- Hə, amma onlarla bağlı müzakirə getmədi. İcraiyyə Komitəsi üzvlərinin fikirlərini öyrəndik və buna ehtiyac olmadı.
- Bu təyinatla əlaqədar “Qarabağ”la söhbətiniz olub?
- Müzakirə aparmışdıq. Klubda bu qərarı müsbət qarşıladılar. Q.Qurbanovun təyinatı üçün bundan gözəl vaxt ola bilməzdi. Xüsusilə “Atletiko” ilə Madriddəki oyundan sonra. Bəlkə də 3-4 il əvvəl biz onu təyin etsəydik, bu, tez olardı. Biz ən yaxşı vaxtı seçdik. Biz əlbəttə ki, onun özünün də mövqeyini bilirdik. Heç kimə sirr deyil ki, millinin heyətinin yarısı “Qarabağ”ın futbolçularından ibarətdir.
- Onun iki işdə işləməsi çətin olmayacaq?
- Bu, ona əlavə yük olacaq. Çətindir. Çempionatda cəmi 8 komanda çıxış edir, çox futbolçu yoxdur. Seçim də azdır. AFFA prezidentinin də qeyd etdiyi kimi, “Qarabağ” millinin bazası olacaq.
- Aşağı yaş qrupu üzrə milli komandalarda dəyişiklik olacaqmı? Bernhard Lippert vəzifəsində qalacaqmı?
- Qurban müəllimlə müzakirədən sonra yeniyetmə və gənclər millilərinin baş məşqçiləri təyin ediləcək. Lippertə gəlincə, o, 2019-cu ilə, müqaviləsinin müddəti bitənə kimi işləyəcək.
- Qurban Qurbanovla müqavilənin maddi tərəfləri barədə nə deyə bilərsiniz? Onun gəliri Prosineçkinin maaşından fərqlənəcək?
- Bu, müzakirə olunmadı. Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. Amma inanmıram ki, hansısa problem yaransın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB