Qurban Qurbanov: “Futbolumuz üçün daha artığını etməyə çalışacağam” - AÇIQLAMA

Qurban Qurbanov: “Futbolumuz üçün daha artığını etməyə çalışacağam” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov eyni zamanda, Azərbaycan milli komandasının da baş məşqçisi təyin edilib. SİA-nın məlumatına görə, Q.Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra təyinatı haqqında jurnalistlərə açıqlama verib.

O, millinin uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib: "AFFA prezidenti Rövnəq Abdullayevə, İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq, məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm".

Baş məşqçi köməkçilərinin qarşıdakı aylarda müəyyənləşəcəyini bildirib: “Bu barədə danışmaq tezdir. İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək”.

Q.Qurbanov hər iki tərəfin bir-birinə inandığını vurğulayıb: "Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik”.

Mütəxəssis əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaq olduğunu deyib: “Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüdür. Amma onlarla heç-heçə etdik. Çempionatda isə xal itirdik".

Qeyd edək ki, Q.Qurbanov vəzifəsinə Robert Prosineçkinin müqaviləsi başa çatdıqdan dərhal sonra başlayacaq. Onunla 6 il müqavilə imzalanıb.

R. Prosineçkinin müqaviləsi isə dekabrın 6-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə