Lyuis Həmilton: “Son 2 yarışda daha yaxşı nəticə göstərməliyik” - AÇIQLAMA
Formula 1 üzrə 4-cü dəfə dünya çempionu olan “Mercedes”in pilotu Lyuis Həmilton qarşıdakı aylarda komanda rəhbərləri ilə müqaviləsini yeniləmək barədə müzakirə aparacaq. SİA-nın məlumatına görə, L.Həmiltonun “Mercedes”lə müqaviləsi növbəti mövsümün sonunda bitəcək.
Pilot komandası ilə müqaviləsini uzatmaq istədiyini öncədən bildirmişdi. İngilis sürücü bunun üçün tələsmədiyini vurğulamışdı. Lakin Meksika Qran Prisindən sonra o, açıqlamasında gələcək həftələrdə yeni müqavilə haqda danışacaqlarını bildirib: “Bir neçə həftə öncə komanda rəhbərləri ilə zavodda görüşdük və bu mövzu ilə bağlı yaxın müddətdə yenidən bir araya gəlməyə qərar verdik. Hazırda əla sistemimiz var. Görüşdə müzakirə mövzusu bu sistemi daha da genişləndirmək və qarşılıqlı olaraq görəcəyimiz işlər olacaq”.
Dörd qat dünya çempionu karyerasını bitirməyi düşünmədiyini deyib: “F1-də nə qədər iştirak edəcəyimi bilmirəm. Amma gələn il də burada olacağımı bilirəm. Ümid edirəm ki, F1-də daha çox yarışlarda iştirak edərəm. Hazırki dövr həyatımın ən gözəl dönəmidir. F1-dən başqa da məşğul olunacaq çox sahə var, ancaq maşın idarə etməkdən daha çox zövq alıram”.
L.Həmilton komandasının Mühəndislər Kubokunu, özünün isə dünya çempionluğunu qazanmasına baxmayaraq, mövsümün son 2 yarışında da əzmlə mübarizə aparacağını bildirib: “Üzərimizdə təzyiq olmadığına görə daha yaxşı yarışmalıyıq. Çempion olmağımız qalan yarışlarda qalib olmayacağımız anlamını daşımır. Çempionluğa baxmayaraq, son 2 yarışda daha yaxşı nəticə göstərməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB