Bu gün “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə İspaniyanın “Atletiko” komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, Madriddəki “Metropolitano” stadionunda keçirilən oyunu Almaniyadan olan hakimlər idarə ediblər. Matçın baş hakimi Deniz Aytekin, onun köməkçiləri Guido Kleve, Markus Hacker, əlavə köməkçi hakimlər Daniel Siebert, Benjamin Brand, dördüncü hakim isə Eduard Beitinger olub.
Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxıblar.
“Atletiko”nun heyətində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.
Qeyd edək ki, bu oyuna İspaniya komandası final matçı kimi yanaşırdı. Meydan sahibləri Bakıdakı qarşılaşmada qeydə alınan qolsuz heç-heçədən sonra mütləq qələbə qazanmaq haqqında düşünürdülər. Ancaq komandamız gözəl və əzmkar oyunu ilə rəqibin arzusunu ürəyində qoyub.
Bütün gücü ilə mübarizə aparan “Qarabağ” matçın 40-cı dəqiqəsində hesabı açıb. Komandamızın futbolçusu Miçel baş zərbəsi ilə topu qapıdan keçirib. Oyunun birinci hissəsi bu hesabla başa çatıb.
İkinci hissədə rəqib qol vurmaq üçün önə atılıb. “Atletiko” qarşılaşmanın 56-cı dəqiqədəsində hesabda tarazlıq yaradıb. Tomas Parte komandasını məğlub durumdan xilas edib.
Oyunun 59-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Pedro Enrike, 88-ci dəqiqəsində isə rəqib oyunçu Saviç qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Matçın böyük hissəsini azlıqda keçirən təmsilçimiz məharətlə müdafiə olunub və rəqibə heç bir şans verməyib. Qarşılaşmada daha üstün oyun göstərən “Qarabağ” dünyanın nəhəng futbol komandalarından olan “Atletiko”ya əsl futbol dərsi keçib.
Oyun 1:1 hesablı bərabərliklə başa çatıb və “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində 2-ci xalını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB