Kamran Ağayev: "Xəzər Lənkəran"ın tarixinə düşüb - STATİSTİKA

Kamran Ağayev: "Xəzər Lənkəran"ın tarixinə düşüb - STATİSTİKA
"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev klubunun tarixinə düşüb. SİA-nın xəbərinə görə, bu barədə cənub təmsilçisinin rəsmi saytınada məlumat dərc olunub. Məlumata əsasən, o, Azərbaycan çempionatının startında ardıcıl 7 oyun qapısından qol buraxmamaqla klubun yeni rekordunu müəyyənləşdirib. Unibank Premyer Liqasının VIII turunun "Bakı" ilə oyununda seriyası qırılan qolkiper iki il əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyib. Həmin vaxt o, startdakı 5 görüşdə qapısının toxunulmazlığını qorumuşdu.
Ağayev "quru" dəqiqələrin sayına görə də "Xəzər Lənkəran"ın tarixinə düşüb. Sonuncu dəfə ötən mövsüm qapısında qol görən əlcək sahibi 720 dəqiqədən sonra eyni üzüntünü yaşayıb. Son çempionatın finişində "Bakı" ilə qarşılaşmasını cəza üzündən buraxan qapıçı bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. Lakin "Qarabağ"la matçda buraxılan son qol oyunun 35-ci dəqiqəsinə təsadüf etmişdi. Bu isə o deməkdir ki, Kamran cari mövsümü 55 dəqiqəlik seriya ilə başlamışdı. Bu mövsümkü 665 dəqiqə isə onun 720-də dayanması ilə nəticələndi.
Kamranın nailiyyəti klub tarixində ikinci göstəricidir. "Xəzər Lənkəran"ın çempionatlar tarixindəki rekordu isə Aleksandr Martyoşkinə məxsusdur. Belaruslu qapıçı 735 dəqiqə qapısını toxunulmaz saxlayıb. Həmin göstərici Azərbaycan çempionatları tarixinə 11-ci nəticə kimi düşüb. Ağayev isə həmin sıralamada 12-cidir.
Seriyanın qırılması həm də Ağayevin yubileyi ilə əlamətdar olub. O, "Xəzər Lənkəran"da 100-cü oyununu keçirən 5-ci futbolçu olub. Qapıçı Rəşad Abdullayev, Alim Qurbanov, Rahid Əmirquliyev, Radomir Todorovdan sonra bu həddə çatmağı bacarıb. Bu matçların 3-nü "Birlik kuboku", 4-nü avrokuboklar çərçivəsində keçirən Kamran ölkə çempionatında 76, kubokda isə 17 dəfə ağ-yaşıl formanı geyib.

Bütün xəbərlər Facebook səhifəmizdə