Məşqçilər üçün texniki kurslara yekun vurulub

Məşqçilər üçün texniki kurslara yekun vurulub

Ötən həftə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutmuş voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik Level-1 təlim kursları komitənin inzibati binasında və Bakı Olimpiya Kompleksində həyata keçirilib.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərini yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçiləri tərəfindən keçirilir.

Türkiyəli təlimçi Nejat Sancak ilə keçirilən təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir. Layihədə ümumilikdə 32 məşqçi iştirak edib. Kurs 21 - 26 oktyabr tarixlərində keçirilib. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.

Təlimdə iştirak edənlər həmçinin Olimpiya Hərəkatı 2017 layihəsinin məşqçiləridir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti tərəfində birgə həyata keçirilir. Proqramının əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3, voleybol 2x2 və badminton idman növləri üzrə yarışlar keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə