Rəhim Əliyev: “Güman ki, Daniil Kvyatın karyerası tarixə qovuşdu” - AÇIQLAMA
“Red Bull” komandanın idman məsləhətçisi Helmut Marko həmişə gənc sürücüləri real yarış şəraitində yoxlamağa fürsət axtarır. İndi də belə fürsət əlinə düşüb. O bildirib ki, mövsümü Pyer Qasli və Brendon Hartli cütü ilə başa vuracaqlar. Gələn mövsümə ya bu sürücülərlə davam edəcəklər, ya da daha bir sürücü cəlb edə bilərlər”. Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
O qeyd edib ki, bütün bunlar “Toro Rosso” komandasının rus pilotu Daniil Kvyat üçün pis xəbərdir: “Çünki heç bir komandada gələn il üçün yer qalmayıb. Ona görə də çox güman ki, rusiyalı sürücünün karyerası tarixə qovuşdu. Rusiya mətbuatı hazırda D.Kvyatın İndyCar-a göndəriləcəyini yazır. Yəni, iddialara görə, pilot karyerasını okeanın o tayında davam etdirə bilər”.
Xatırladaq ki, rusiyalı sürücü 2014-cü ildə “Toro Rosso” komandası ilə Formula1-də debüt etmiş və 2015-ci ildə “Red Bull” komandasına keçirilmişdi.
Amma 23 yaşlı sürücü 2016-cı ilin Rusiya yarışında etdiyi kobud səhvlərə görə yenidən “Toro Rosso“ komandasına göndərilmiş və yerinə Maks Ferstappen gətirilmişdi.
Lakin Kvyat bu il pis performans göstərdiyi üçün Malayziya yarışından etibarən yerini Pyer Qasliyə verməli olmuşdu. Amerikada yenidən yarışmaq fürsəti tapan Kvyat xal alsa da, yerini qoruya bilməyib və “Red Bull”dan birdəfəlik uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB