Bu gün Gənclər və İdman Nazirliyində (GİN) cüdo üzrə gənclər arasında dünya birinciliyində yığma komandamızın qazandığı uğurlu nəticələrlə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri, milli komandamızın məşqçilər korpusu, idmançılar və jurnalistlər iştirak ediblər.
F.Mansurov çıxış edərək gənc cüdoçularımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. O, ACF-də işlərin düzgün qurulduğunu, il ərzində keçirilən yarışlarda cüdoçularımızın uğurla çıxış etdiklərini vurğulayıb: “Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya birinciliyində gənc cüdoçularımız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Bu, böyük nəticədir. Uğur qazanan idmançılarımızı və ACF-ni təbrik edirəm. Gənclərin Avropa birinciliyində də komandamız birinci yeri tutmuşdu. Bu da tarixi hadisədir. Gələn il dünya çempionatı Bakıda təşkil olunacaq və inanıram ki, həm medallarımızla, həm də təşkilatçılığımızla yenə fərqlənəcəyik".
ACF-nin baş katibi Elmar Babanlı yığma komandanın onlara bəslənilən ümidləri doğrultduğunu bildirib: "Bu nəticə həm əyar, həm də say baxımından bir ilkdir. Oğlanların yarışında komandamız birinci oldu. Bu, tarixi hadisədir".
Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin İsmayılov isə deyib ki, dünya birinciliyidə ən güclü idmançılar püşkə əsasən məhz bizim cüdoçularla yarışıblar. Baş məşqçi vurğulayıb ki, qazanılan uğurlar Azərbaycan cüdosunun düzgün yolda olduğunu göstərir.
Dünya birinciliyində qızıl medal qazanan Hidayət Heydərov keçirdiyi görüşləri haqda məlumat verib: “İlk görüşüm yapon idmançı ilə idi. Güclü rəqiblə mübarizədə tilsimi qırdım və ardınca qələbələri davam etdirdim. Bu nəticələr gənclərdən ibarət yığmamızın ilk belə böyük uğurudur. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Yarışda gümüş medala sahib olan Natiq Qurbanlı və Kəramət Hüseynov idmançılarımıza yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
E.Babanlı vurğulayıb ki, dekabrın 21-22-də Azərbaycan çempionatı keçiriləcək, Hidayət və Natiq istisna olmaqla, digərləri hələ gənclər arasında mübarizəni davam etdirəcəklər. O əlavə edib ki, Azərbaycan çempionatından sonra lazımi qərarlar veriləcək, sınaqdan çıxmış idmançılar Avropa və dünya çempionatında iştirak edəcəklər.
E.Babanlı 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərovun Olimpiya mükafatçımız Rüstəm Orucova ciddi rəqib olduğunu da deyib: “Bu hal rəqabəti artırır. Kostiyev də 100 kq-da Elxan Məmmədova, Elmar Qasımova potensial rəqibdir”.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Xatırladaq ki, gənclərin dünya birinciliyində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB