Mahir Məmmədov Avropa Kubokunun mükafatçıları ilə görüşdü FOTO

Mahir Məmmədov Avropa Kubokunun mükafatçıları ilə görüşdü FOTO

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "Odlar Yurdu" şahmat klubunun rəhbəri Mahir Məmmədov Avropa Çempionlar Kubokunda gümüş və bürünc medallar qazanan şahmatçılarla görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan klubunun çıxışı barədə danışan AŞF rəsmisi son illər ərzində "SOCAR Azerbaijan" klubunun bu turnirdə uğurla çıxış etdiyini, iki dəfə Avropa Kubokunu qazandığını xatırladıb. Cari ildə "Odlar Yurdu" klubunun yüksək nəticə göstərdiyini deyən federasiyanın vitse-prezidenti şahmatçıların onlara göstərilən etimadı doğrultduğunu söyləyib: "Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticəylə yadda qaldı. Kişi və qadın şahmatçılarımız son tura qədər liderlər qrupunda qərarlaşmaqla yanaşı, favoritlərə layiqli müqavimət göstərdi. "Odlar Yurdu" reytinqindən yüksək nəticə əldə etdi və bütün şahmat həvəskarlarını sevindirdi. Hər iki komandamız turnirdə çempion olmağa çox yaxın oldu. Xüsusi qeyd etmək istərdim ki, şahmatçılarımız Avropa Kubokunda əsl komanda mübarizəsi nümayiş etdirdi. Hər iki komandamızın çıxışından razıyam. Avropa Kubokunda gümüş və bürünc medal qazanan "Odlar Yurdu" klubunun şahmatçılarını və kapitanlarını təbrik edirəm, onlara gələcək yarışlarda uğurlar arzulayıram".

Tədbirdə Türkiyədə qazanılan nəticənin gələn həftə Yunanıstanda start götürəcək komandalar arasında Avropa çempionatında şahmatçılarımıza stimul olacağı vurğulandıb.

Sonda kişi və qadın şahmatçılardan ibarət "Odlar Yurdu" klubunun şahmatçıları yarışla bağlı təəssüratlarını bölüşüb və onlara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə