“Açıq Əyləncəvi Futbol Məktəbləri” Qusarda

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 oktyabr 2017-ci il tarixdə Qusar rayonunda keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Qusar rayonundan seçilmiş millət vəkili Azər Badamov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Azər Badamov və Sabir Hacıyev çıxış etdilər. Çıxış edənlər ilk növbədə Qarabağ Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması və dünyanın aparıcı futbol klublarından sayılan Atletiko Madridlə keçən oyunda ilk dəfə olaraq qrup mərhələsində xal qazanmasının əhəmiyyətini qeyd etdilər və komandaya qarşıdakı qrup oyunlarında uğurlar dilədilər. Vurğulandı ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcəkdir. Sonra qeyd edilidi ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə