Elnur Eyvazov: “Azarkeşlərlə bütövləşən "Neftçi” əsl "Neftçi”dir!” - AÇIQLAMA
"Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamıza çox ciddi müqavimət göstərdi. Bununla belə, "Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbə qazana bildik”. SİA-nın məlumatına görə, bunu "Neftçi” PFK-nın vitse-prezidenti Elnur Eyvazov deyib.
O qeyd edib ki, komanda təxminən ay yarımlıq fasilədən sonra doğma arenaya qayıdacaq: “Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. İnşAllah, "Sumqayıt”la oyunda qələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. "Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda heç bir ciddi problem yaşanmamalıdır. Düşünürəm ki, bütün ölkə möhtəşəm "Neftçi” azarkeşini görəcək. Bunun üçün əlimizdən gələni etməyə hazırıq. Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. "Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan "Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir”.
E.Eyvazov komandaya və azarkeşlərə inandıqlarını vurğulayıb: “Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib "Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən "Neftçi” tam başqa - əsl "Neftçi”dir! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, "Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB