"Artıq gələn oyunlarda yeniliklərə əl atacam"

"Bu gün çox pis futbol oynadıq. Sanki Qəbələdəki komanda deyildik. Bu, çox acınacaqlı məğlubiyyətdir”. Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 8-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, qarşılaşmanı belə şərh edib: “Məqsədimiz kompakt şəkildə bağlanmaq və rəqibi əks hücumlarda yaxalamaq idi. İlk hissədə təxmini bu istəyimizi reallaşdıra bilirdik. Sonradan bu bizdə alınmadı və rəqib vurduğu qollarla qələbə qazandı. Stabil heyətimiz olmadığına görə, stabil oyun da nümayiş etdirə bilmirik. Çalışacağıq ki, qarşıdakı oyunlara baxaq. Məqsədimiz maksimum xal toplayıb, bu vəziyyətdən çıxmaqdı.

“Kəpəz” meydançası yenilənən Gəncə stadionunda bu mövsüm ilk oyununu növbəti turda “Neftçi”yə qarşı keçirəcək. Şahin Diniyev bu haqda da danışıb: “Gəncədəki oyunlarda nəticə qazanmaq mütləqdi. Çünki azarkeşlərimizi sevindirməyə borcluyuq. Təəssüf ki, onların yanına 4 xalla qayıdırıq. Artıq gələn oyunlarda yeniliklərə əl atacam. Bizim elə bir gücümüz yoxdu ki, köklü dəyişiklər edək. Sadəcə, müəyyən futbolçuların yerləri dəyişəcək və taktiki düzülüşlər fərqli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...