Bob Förnli: “Okonun Peresdən öyrənəcəyi çox şey var” AÇIQLAMA

Bob Förnli: “Okonun Peresdən öyrənəcəyi çox şey var” AÇIQLAMA

Son Fomula-1 yarışından sonra “Force İndia” komandasının rəhbər köməkçisi Bob Förnli gənc pilot Esteban Okon haqqında açıqlama verib. SİA-nın məlumatına görə, o, E.Okonun sürət baxımından Serxio Pereslə eyni səviyyədə yarışdığını, ancaq trasdakı mübarizə bacarığını daha da inkişaf etdirməli olduğunu bildirib.

Qeyd edək ki, 21 yaşlı pilot bu il “Monako” Qran Prisindən başqa, bütün yarışlardan xalla ayrılıb. O, topladığı 65 xalla S.Peresdən 17 xal geridə, 8-ci yerdədir.

B.Förnli E.Okonun Yaponiya Qran Prisinin ilk turunda göstərdiyi yarış mücadiləsini bəyəndiyini, lakin S.Peresdən öyrənəcəyi çox şey olduğunu qeyd edib: “E.Okon getdikcə daha yaxşı yarışır. O, çox yaxşı bir komanda yoldaşına sahib olduğu üçün şanslıdır. Ancaq E.Okon gəncdir və daha çoxunu edə bilər”.

Xatırladaq ki, E.Okon Yaponiya Qran Prisinə 5-ci sıradan başlayıb. O başlanğıcda “Red Bull”un pilotu Daniel Rikkardonu keçib və sonra maşınının motorunda problem olan “Ferrari”nin sürücüsü Sebastyan Fetteli geridə qoyub.

Pilot özü isə Yaponiya Qran Prisinin ilk hissəsinin əyləncəli olduğunu deyib: “İlk turlar çox yaxşı idi. Yarışa əla start verdim və 3-cü sırada davam edirdim. Daniel Rikkardodan önə keçdim. Arxaya baxanda qorxulu bir hal görünmürdü. Ancaq öndə də qazana biləcəyim heç nə yox idi. Önəmli olan maşını finişə çatdırmaq idi və elə də etdik. Ümid edirəm ki, gələcəkdə daha yaxşı yarışıb, qarşıdakı pilotlara yaxınlaşa bilərik”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə