WBC prezidenti: "Bakıda böyük dostluq və qonaqpərvəliklə qarşılandıq"

“Azərbaycana bizi yüksək səviyyədə qarşıladığı üçün təşəkkür edirəm. Bakıya qədəm qoyan kimi çox böyük dostluq və qonaqpərvəliklə qarşılandıq. Azərbaycan Prezideti İlham Əliyev böyük rəhbərdir. O, ölkəsində idmanı prioritetə çevirib”. SİA-nın məlumatına görə, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman qurumun bu gün Bakıda işinə başlayan 55-ci Konvensiyasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci il WBC ailəsi üçün möhtəşəm olub.

Təşkilatın prezidenti il ərzində çoxlu gərgin və maraqlı döyüşlərin baş tutduğunu qeyd edib: “Sentyabrın 16-da Gennadi Qolovkinə xüsusi kəmər hədiyyə etdik. Bir tərəfində Meksika, digər yanında Qazaxıstan əks olunub. O, bizim fəxrimizdir. Gennadinin irəlidə bir döyüşü olacaq. Bu, bizim tərəfdən bir hədiyyədir. Həmçinin, Məhəmməd Əlinin şərəfinə turnir olacaq. Qalib gələn şəxsə onun qızıl medalı veriləcək. Yeri gəlmişkən, Floyd Meyvezer boksun şərəfini qorudu və Konor Makqreqora qalib gəldi. Onu buradan salamlayıram. Roma papası ilə danışıq aparmışıq. O, bizə xüsusi proqram hazırlanacağını deyib”.

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə