“Neftçi”nin futbolçusu: "Bu durumdan çıxacağıq"

“Neftçi”nin futbolçusu: "Bu durumdan çıxacağıq"

“İnter”lə oyunda qazandığı qələbə sayəsində mövsümdə ilk 3 xalını aktivinə yazdıran “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümdə ilk dəfə qalib gəldiniz. Bu dəfə qələbə şərhinizi eşitmək istərdik…

- İndiyə qədər cəmi 1 xal qazanmışdıq. Bu da xoşagəlməz hal idi. Oyundan əvvəl danışmışdıq ki, mütləq qalib gəlməliyik. Pis oynamadıq. Qələbə ilə yaxşı oyun sevindirici haldı. Tərlan müəllimlə kollektiv bir-birinə inanır. Əl-ələ verib bu durumdan çıxacağıq.

- Birinci hissədə yaxşı hücumlar qursanız da, cərimə meydançasına daxil ola bilmirdiniz. Sanki tələsirdiniz…

- Tələsmirdik, sadəcə, bir-birimizi başa düşmürdük. Ancaq ikinci hissədə Tərlan müəllim necə oynamalı olduğumuzu bildirdi…

- Bu qələbə psixoloji baxımdan komandaya necə təsir edəcək?

- Qələbə bizim üçün vacib idi. Bu, yüksəlişin başlanğıcı olacaq.

- Turnir cədvəlinə baxan zaman “Neftçi”nin çox geridə qaldığını görürük. İtirilən xalları kompensasiya etmək mümkün olacaqmı?

- Çox xallar itirmişik. Ancaq kompensasiya edəcəyimizə inanırıq. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq.

- Qarşıdan millinin oyunları ilə əlaqədar fasilə gəlir. Uzunmüddətli fasilə komandaya necə təsir edə bilər?

- Qarşıda 14 gün vaxtımız olacaq. İstirahət etmək və növbəti oyunlara yaxşı hazırlaşmaq üçün əla şans yaranıb. Bu şansdan düzgün yararlanmağa çalışacağıq. Həm də bir neçə futbolçumuz milli komandalara yollanacaq.

- Komandanın keçmiş baş məşqçisi Elxan Abdullayev və hazırkı mütəxəssis Tərlan Əhmədov arasında hansı fərqlər var?

- Bayaq dediyim kimi, çox xal itirmişik. Baş məşqçimiz bizi bütün oyunlara qələbə üçün çıxarır və tələbi də budur. Artıq başa düşürük ki, itirəcəyimiz heç nə yoxdur.

- Elxan Abdullayev bunu istəmirdi?

- O da bunu istəyirdi. Sadəcə, alınmırdı.

- “Forza Neftçi” azarkeş qrupu uzun müddətdir ki, sizi tənqid edirdi. Amma bu gün fərqli oldu və siz qələbəni onlarla bölüşdünüz...

- Onları sevindirdiyimizə görə çox məmnunam. Azarkeşlər pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub.

- Bu heyət yanvara qədər vəziyyəti dəyişməyə kifayət edəcək?

- Edəcək! Komanda olaraq birgə əlimizdən gələni edəcəyik ki, xallar qazanaq.

Bütün xəbərlər Facebook səhifəmizdə