“Qarabağ” “Roma”ya minimal hesabla məğlub oldu - FOTOLAR - YENİLƏNİB

“Qarabağ” “Roma”ya minimal hesabla məğlub oldu - FOTOLAR - YENİLƏNİB

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda “Qarabağ” klubu “Roma” ilə qarşılaşıb. SİA-nın məlumatına görə, oyun Bakı Olimpiya Stadionunda keçirilib.

Bu qarşılaşma Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk matçı kimi əlamətdar olub.

Oyunu portuqaliyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Artur Dias olub. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək ediblər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirib. Oyunun hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olub.

Qarşılaşmanın 7-ci dəqiqəsində qonaqlar erkən qola seviniblər. “Roma”nın futbolçusu Kostas Manolas topu başla qapıdan keçirib.

Bundan 8 dəqiqə sonra “Roma” 2-ci qolu vurub. Matçın 15-ci dəqiqəsində Edin Dzeko hesab arasındakı fərqi iki topa çatdırıb.

Hesabda geridə olmasına baxmayaraq, Ağdam təmsilçisi əzmkar oyun göstərərək fərqi azaldıb. Oyunun 28-ci dəqiqəsində qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə vuraraq “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qoluna imza atıb - 1:2.

Daha sonra “Qarabağ” gözəl oyun nümayiş etdirərək bir neçə dəfə qol şansı əldə etsə də bundan yararlana bilməyib. Komandamız güclü rəqibinə qarşı əzmkar oyun göstərib.

Qarşılaşma 1:2 hesabı ilə “Roma”nın xeyrinə başa çatıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə