Tərlan Əhmədov: "Psixoloji cəhətdən çox iş görməliyik"

Tərlan Əhmədov: "Psixoloji cəhətdən çox iş görməliyik"

"Neftçi" Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub. SİA-nın məlumatına görə, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Komandamız mübarizə apardı. “Qəbələ” kimi komandaya qarşı yaxşı oynadıq. Görüləcək o qədər iş var ki... Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik. Müdafiədə uşaq səhvləri buraxdıq. Bunun da nəticəsində məğlub olduq. Çalışacağıq ki, səhvləri təkrarlamayaq. Qarşıda fasilə var. Bu fasilədən maksimum yararlanmağa çalışacağıq. İstəyirik ki, qışa kimi yaxşı nəticələr qazanaq. Bundan sonra yaxşı nəticə üçün oynayacağıq".

- Komandanın oyununda əsas nədən narazı qaldınız?

- Mən həmişə istəmişəm ki, cinah müdafiəçiləri daim hücumda olsun. Hücumda nə qədər çoxluq təşkil etsək, nəticə də bir o qədər yaxşı olar. Bu qarşılaşmada iki hücumçu ilə oynamaq istəyirdik. Ancaq Seqoviyanın zədəsi var idi. Buna görə, onu meydana gec buraxdım. Lakin bu vaxt da Barqas yorulmuşdu.

- Emin Mahmudovun debütü necə alındı?

- Eminin bugünkü çıxışı məni sevindirdi. Axırıncı dəfə ötən mövsüm oynamışdı. Bura gələnədək isə 10 gün məşq etməmişdi. Buna baxmayaraq, yaxşı oyun sərgilədi.

- Premyer Liqada 16 günlük fasilə olacaq. Bu müddətdə planınız necədi?

- Xaricə getməyi planlaşdırmırıq. Məncə, bu, artıqdır. Burada yaxşı bazamız var. Məşq edib, futbolçularda özünəinamı artırmağa çalışacağıq. Hazırda bu, çox aşağıdır.

- “Qəbələ”nin hücumçuları “Neftçi”nin müdafiəçilərini çox rahat keçirdilər. Bunun səbəbi nədir: Komandalar arasında səviyyə fərqinin böyük olması?

- Belə deməzdim. “Qəbələ”nin hücumçuları fərdi oyuna çox üstünlük verirlər. Ancaq düşünmürəm ki, Abışov və Petrov səviyyəcə onlardan geri qalır. Bu gün bizim hücum xəttində fərdi keyfiyyətlər çatışmır. Bir epizodda Namiq Ələsgərov topla irəlilədi və zərbəsi qolla nəticələndi. Bu cür fürsətləri dəyərləndirmək lazımdır.

- “Neftçi”yə yeni gələndə Elxan Abdullayevə zəng etdiyinizi demişdiniz. Ancaq o, sizdən zəng gəlmədiyini bildirib...

- Bu müddətdə bütün fikrimi komandaya yönəltmişdim. İstərdim ki, Elxan müəllim də bizə hörmətlə yanaşsın. O ki qaldı zəngə, 3 dəfə zəng etmişəm, götürməyib. Bundan sonra öz işimlə məşğul olmuşam.

Bütün xəbərlər Facebook səhifəmizdə