Tərlan Əhmədov: “Komandada həddən artıq çatışmazlıq var” FOTOLAR
“Neftçi” futbol komandasına yeni baş məşqçi təyin olunmuş Tərlan Əhmədovun mətbuat konfranslı keçirilib. SİA-nın məlumatına görə, “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında baş məşqçi bir çox məqamlara aydınlıq gətirib.
O, hazırda komandada çatışmazlıqların həddən artıq çox olduğunu bildirib: “Elxan Abdullayevə təşəkkür edirəm. Uğursuzluq olanda ilk növbədə baş məşqçi məsuliyyəti üzərinə götürür. Komandada həddən artıq çatışmazlıq var. Futbolçuların özünəinamının qayıtması əsas məsələdir. Onlarda bir-birilərinə qarşı qəbul etməmək hissi var. Bunun nə ilə bağlı olduğunu araşdırıram. Sanki legionerlər bir, yerlilər bir qrupdur. Bunu dəyişəcəyəm. Cüzi də olsa, addım atmışıq. Amma köklü dəyişikliklər etmək üçün vaxta ehtiyac var. Fiziki durumun isə həddindən artıq pis vəziyyətdə olduğunu deməzdim”.
Mütəxəssis “Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayevlə əlaqə saxlayacağını qeyd edib: “Üç dəfə cəhd etdim, amma telefonuna zəng çatmadı. Yəqin ki, onunla qarşıdakı matçdan sonra danışarıq. Halallığını alacağam”.
Baş məşqçi komandaya fiziki hazırlıq üzrə yeni məşqçi cəlb ediləcəklərini vurğulayıb: “Həyatda kin saxlayan insan deyiləm. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdur. Arada inciklik ola bilər. Burada bir məqam var. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Biz Qız Qalası və Şirvanşahlar Sarayına tariximiz kimi baxırıqsa, “Neftçi” də elədir. Andrey Kolesnikov bir müddət “İnter”də işləyib, ardınca “Şaxtyor”un uşaq komandasında, sonra isə AZAL-da. Qərara aldım ki, daha səviyyəli fiziki hazırlıq məşqçisi dəvət edilsin. “Neftçi”nin fiziki cəhətdən probleminin olmasını istəmirəm. Yaxın günlərdə dəyişiklik edəcəyəm. Amma A.Kolesnikov hələ mənimlə birgədir. Büdcəmizə və məşqçinin iş təcrübəsinə uyğun hərəkət edəcəyik.
T.Əhmədov AZAL ilə “Neftçi”nin büdcəsinin arasında yerlə göy qədər fərq olduğunu bildirib: “AZAL-da büdcə birinci il normal idi. Sonradan azaldı. Çalışdıq ki, sonra da bu komandanı ayaqda saxlayaq. Məni büdcə maraqlandırmır. Mənim tələbim tamamilə başqadır. Nə qədər qardaşlıq ünsiyyəti yaratsam da, bir o qədər sərt qərarlarım var. Elə şey var ki, bağışlayıram. Amma işdə məsuliyyətsizlik olanda məndə o qədər insaf yoxdur”.
O, U-21 millisinin baş məşqçi postuna təklif almadığını qeyd edib.
Baş məşqçi komandadakı çatışmazlıqları təhlil etdiyini qeyd edib: “Məğlubiyyətdə təkcə müdafiəçilər pay sahibi olmurlar, bütün komanda məsuliyyət daşıyır. Müdafiə ilk növbədə hücumdan başlayır. İnamsızlıq problemləri üzə çıxarır. Dörd gündür komandanın bütün oyunlarının disklərinə baxmışam. Komandada özünəinamsızlıq var, xətlərarası anlaşma, ümumiyyətlə, yoxdur. Meydanda bir-birilərinə dəstək olmurlar. Müdafiə, yarımmüdafiə və hücum xəttində problemlər var. Buna görə də Rəşad Sadiqovu komandaya dəvət etdim. İstəyirəm ki, müdafiə ilə yarımmüdafiə və yarımmüdafiə ilə hücum xətti arasındakı boşluğu aradan qaldıraq. Çempionat uzun marafon olduğundan müdafiə xəttimiz güclü olmalıdır”.
Mütəxəssis qışa qədər transfer etmək niyyətlərinin olmadığını vurğulayıb: “Əsas məqsəd qışa qədər bacardığımız qədər xal toplamaqdır. Ondan sonra bu məsələləri müzakirə edərik. Həm Ruslan Əmircanov, həm də Vaqif Cavadov haqqında mənə deyilib. Bu gün üçün transfer məsələmiz, demək olar ki, həll olunub. Qışda gələnlər olacaqsa, yeni futbolçular olacaq. Artıq əvəzedici heyətə, akademiyaya da göz dikirəm ki, istedadlıları gələcəkdə əsas komandaya cəlb edim. Həm də ödənişli, daha səviyyəli futbolçular istəyirəm, boşda qalanları yox.
Emin Mahmudov isə millinin üzvüdür. Çox istərdim ki, o, futbolsuz qalmasın. Rəhbərliklə söhbətdə də dedim ki, bizə uyğun futbolçudur, komandada görmək istəyirəm. Yəqin ki, məsələ yaxın günlərdə həllini tapar. Emin bizim bugünkü məşqimizdə olacaq. Amma hələ hazır deyil. Son 15 gündə, sadəcə qaçıb. Fiziki formasından uzaqdır.
Qışa kimi bacardığımız qədər çox xal toplamalıyıq. Ondan sonra komandaya yeni futbolçular cəlb olunacaq. Çalışacağıq ki, əvvəlki “Neftçi” əzəmətində, ondan da yüksək futbolçular dəvət edək. Mükafatlar uğrunda mübarizə aparsaq, həm komandanın, həm də mənim adım üçün yaxşı olar. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Əsas odur ki, böyük kluba uyğun fiziki hazırlıq məşqçisi komandamıza gəlsin. Qalan hər şey mənim səlahiyyətimdədir”.
T.Əhmədov Böyükağa Hacıyevlə heç bir danışığının olmadığını, ona Allahdan şəfa dilədiyini vurğulayıb.
Baş məşqçi sabah “Zirə” ilə matçda start heyətdə 3-4 dəyişiklik ola biləcəyini, Rəşad Sadiqovun ilk 11-likdə yer alacağını qeyd edib: “Rəşad “Zirə” ilə Avropa Liqasının təsnifat mərhələsində çıxış edib. Ondan sonra fərdi məşq edib. Əgər maydan sonra uzun müddət oynamasaydı, onun hazırlığının yerində olmadığını demək olardı.
“Qarabağ”a baxın, Rəşad Sadıqov zədəli olanda belə meydana çıxır. Çünki onun meydanda olması komandasına böyük üstünlük verir. Eyni sözlər Sadiqova da aiddir”.
O, “Zirə” ilə oyunda qələbə qazanmağa çalışacaqlarını deyib: “Hamı istəyər ki, qələbə ilə başlasın. Biz də sabah meydana 3 xal üçün çıxacağıq. “Zirə” oturuşmuş komandadır. Bizim üçün ağır oyun olacaq. Amma öz gözəl oyunumuzla qələbə üçün köklənəcəyik. Komandamızda problemlər çoxdur. Amma sabah daha istəkli olacağıq və meydana 3 xal üçün çıxacağıq. Maksimum xal toplamağa çalışacağıq. Analizlər aparmışıq, sadəcə burda açıqlamaq istəmirəm. İşimizi görəcəyik”.
Mütəxəssis komanda üçün cəza kodeksi hazırladıqlarını bildirib: “Artıq cəza kodeksini işləyib hazırlamışıq. Bu, futbolçulara, məşqçilərə, inzibatçılara, bir sözlə, hər kəsə aiddir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB