Ülviyyə Fətəliyeva və Vasif Durarbəyli zirvədədilər

Ülviyyə Fətəliyeva və Vasif Durarbəyli zirvədədilər

Gürcüstanın Batumi şəhərində keçirilən 8-18 yaşlı oğlan və qızlar arasına şahmat üzrə Avropa çempionatında 7-ci tur yekunlaşıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 80-ə yaxın şahmatçımızın iştirak etdiyi Avropa çempionatında müxtəlif yaş qruplarında aşağıda adları göstərilən şahmatçılarımız yüksək nəticələr əldə edərək liderlik uğrunda mübarizəni davam etdirirlər:
8 yaşlı oğlanlar arasında 6 xal toplamış Qədimbəyli Abdulla 1-3-cü yerləri bölüşsə də, əlavə əmsala görə 2-ci pillədə qərarlaşıb.

Bu yaş qrupunda digər şahmatçımız Fərid Aslanov 5.5 xalla 4-cü yerdədir.

10 yaşadək qızların mübarizəsində isə Xanım Balacayeva 4.5 xalla ilk onluqda yer alıb.

12 yaşlılar arasında isə eyni göstəricini 5 xalla Ülvi Sadıxov təkrarlayır.

Qızların yarışında isə 5 xala malik iki şahmatçımızdan Günay Məmmədzadə 5-ci, Aydan Höccətova isə 6-cıdır.

14 yaşlı oğlanlar arasında ilk onluqda Aqil Pirverdiyev (5 xal) yer alıb. Eyni yaş qrupunda qızların mübarizəsində isə Ülviyyə Fətəliyeva 6 xalla turnir cədvəlinin vahid lideridir. Bu yaş qrupunda Aytən Əmrayeva 4.5 xalla ilk onluqdadır.

16 yaşadək qızlarda Nərmin Xələfova 5.5 xalla 3-cü pillədədir. Yeniyetmələrin sözügedən yaş qrupunda mübarizəsində qızlardan İbrahimova Səbinə, oğlanlardan isə Məmmədov Zaur və Abasov Nicat ilk onluqda qərarlaşa biliblər.

18 yaşadək şahmatçıların mübarizəsində isə 2 şahmatçımız medal qazanmağa namizəddir. Belə ki, oğlanların yarışında Vasif Durarbəyli 6 xalla turnir cədvəlinin zirvəsində yer alıb. Qızlardan isə Xəyalə Abdulla 5.5 xalla ilk iki pilləni bölüşdürsə də, əmsala görə 2-ci pillədə mübarizəni davam etdirir.

Bu yaş qrupunda Ayaz Məmmədov 4.5, Nərmin Kazımova isə 5 xalla ilk onluqda yer alıblar.

Qeyd edək ki, Batumidə keçirilən Avropa çempionatında iki beynəlxalq hakimimiz - Namiq İsayılov və İkram Xəlilov da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə