İdmançılarımızın DÇ-dəki nəticələri ilə bağlı mətbuat konfransı keçirilib FOTO
Bu gün Gənclər və İdman Nazirliyində (GİN) taekvando üzrə milli komandamızın dünya çempionatında və idmançılarımızın tələbələrin 29-cu Dünya Yay Universiadasında qazandıqları uğurlu nəticələrlə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Taekvando Federasiyasının (ATF) rəhbərliyi, taekvando, cüdo və atletika yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak ediblər.
GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov idmançılarımızı əldə etdikləri uğurlu nəticələrlə bağlı təbrik edib. O, bundan sonra da təmsilçilərimin beynəlxalq yarışlarda yüksək səviyyədə çıxış edəcəklərinə əmliyini ifadə edib.
ATF-nin vitse-prezidenti Nağı Səfərov taekvandonun Azərbaycanda hər il daha da inkişaf etdiyini, yüksək nəticələr qazanıldığını bildirib: “Taekvandoçularımız dünya çempionatında 2, Universiadada 5 medal qazanıblar. Millimiz daha da yaxşı nəticə göstərmək gücündədir. Medallarımızın sayı daha çox ola bilərdi. Ancaq dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədir. Sevindirici haldır ki, mundialda mükafatlarımızın sayı artan templə davam edir. Komandamızı qarşıda Qran-pri turniri də gözləyir”.
Tələbələrin 29-cu Dünya Yay Universiadasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş nazirliyin sektor müdiri Aydın Məmmədov yığma komandamızın yüksək səviyyədə çıxış etdiyini vurğulayıb: “Universiadaya 19 idmançı ilə qatılmışdıq. Komandamız 3 qızıl, 1 gümüş, 4 bürünc medalla 24-cü yerdə qərarlaşdı. Qeyd edim ki, Universiadada 134 ölkənin idmançıları 21 idman növü üzrə mübarizə aparırdılar. Orada bir çox görüşlər də keçirdik. Görüşlərdə idmançı və rəsmilər Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin çox böyük peşəkarlıqla təşkil edildiyini vurğuladılar”.
Kişi taekvandoçulardan ibarət yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov da idmançılarımızın əldə etdiyi nəticələrin uğurlu olduğunu, yığma komandamızın növbəti yarışlarda daha çox medal qazanacağına inandığını qeyd edib.
Universiadada iştirak etmiş cüdo komandamızın baş məşqçisi Azər Şıxəlizadə yarışlara qatılan 3 idmançımızdan 2-nin medal qazanmasının yüksək nəticə olduğunu bildirib: “Biz istəyirdik ki, 3 idmançımızın hər biri medal qazansın. Lakin 1 qızıl və 1 bürünc mükafata sahib olduq”.
Tələbələrin 29-cu Dünya Yay Universiadasında yüngül atletika üzrə qızıl medal qazanan Nazim Babayev bu ilin onun üçün uğurlu olduğunu deyib: “Mən IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı və tələbələrin 29-cu Dünya Yay Universiadasında qızıl medal qazandım. Ona görə 2017-ci il mənim üçün uğurlu keçdi.
Universiadada finaldan bir gün öncə zədələnmişdim. Taekvando üzrə milli komandamızın həkimi müdaxilə etdi, zədələrim sağaldı və finalda qızıl medal qazana bildim”.
Daha sonra digər idmançılar fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB