“Bakı” klubunun möhtəşəm layihəsi başa çatmaq üzrədir – FOTOREPORTAJ – ÖZƏL

“Bakı” klubunun möhtəşəm layihəsi başa çatmaq üzrədir – FOTOREPORTAJ – ÖZƏL

"Bakı" futbol klubu möhtəşəm bazasını inşa etməkdə davam edir. SİA-nın əməkdaşları klubun bazasında olublar. Burada futbolçular və məşqçilər üçün Azərbaycan klubları arasında analoqu olmayan şərait yaradılıb. Belə ki, bazada həm futbolçular, həm məşqçilər, həm də qonaqlar üçün yüksək şərait təşkil olunub. İstirahət məqsəd ilə böyük həcmdə üzmək üçün hovuz və bar fəaliyyət göstərir.

Bazada ümumilikdə 7 meydança inşa olunub. Onlardan 4-ü təbii, 2-si süni, 1-i isə qum örtüklüdür. Əsas komandanın ev oyunlarını keçirəcəyi meydança demək olar ki, hazır vəziyyətdədir. Meydançaların ot örtükləri Türkiyədən gətirilib və artıq döşənib. Qeyd edək ki, bazada qapalı meydança da inşa olunacaq. Bu meydança 3 min azarkeş qəbul edə biləcək.

Aşağı yaş qruplarından ibarət komandaların da təlim və oyunlarını keçirmələri üçün meydançalar fəaliyyət göstərir. Yaradılan şərait 4 komandanı eyni anda qəbul etməyə imkan verir. Klub ev oyunları zamanı 1200 azarkeşi qəbul edə biləcək.

Burada həmçinin futbolçuların fiziki hazırlıqları üçün ən müasir qurğulardan təşkil olunmuş trenajor zalı, ən qabaqcıl texnologiya ilə inşa olunmuş sauna, masaj zalları fəaliyyət göstərir. Bütün yaş qruplarının ayrılıqda öz soyunub-geyinmə otaqları var. Baş məşqçi, məşqçilər, hakimlər üçün ayrı otaqlar hazırlanıb. Klubda ayrıca olaraq konfrans zalı da fəaliyyət göstərir.

Klubun sahəsində olan "Bakı"nın akademiyasının da inşa işləri yekunlaşmaq üzrədir. Bazada həmçinin qonaq otaqları da tikilir. Bunlarla yanaşı, müasir restoranın da tikintisi davam edir.

Yaxın vaxtlarda klubun bazasında bütün inşa işləri yekunlaşdırılacaq.
Bir sözlə, "Bakı" Azərbaycan klubları arasında hələ görünməmiş bir bazanın inşasını tamamlamaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə