Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq. Mundialın beşinci günündə 90 kiloqram çəki dərəcəsində kişi, 70 və 78 kiloqram çəkilərdə isə qadın cüdoçuların mübarizəsi başlayacaq.
Kişi cüdoçuların yarışında ölkəmizi IV İslam Həmrəyliyi Oyunlarının qızıl və gənclər arasında Avropa çempionatının bürünc medalçısı Məmmədəli Mehdiyev və builki Avropa kubokunun, həmçinin Meksika Qran-prisinin gümüş mükafatçısı Tural Səfquliyev təmsil edəcəklər. Qadınlar mübarizəsində ölkəmiz təmsil olunmayıb.
Cüdoçularımızın ilk rəqibləri artıq müəyyənləşib. Tural Səfquliyev onaltıdabir final mərhələsində perulu Xose Aroyo, Məmmədəli Mehdiyev isə otuzikidəbir final mərhələsində rumıniyalı Kristian Bodirlau ilə qarşılşacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.
Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında üçüncü pillədədir. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medallar qazanıblar.
Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparır.
Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB