BBC Türk: “Qarabağ”la bağlı məqalə yayımlayıb

BBC Türk: “Qarabağ”la bağlı məqalə yayımlayıb

“BBC Türk” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olan “Qarabağ” komandası ilə bağlı məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu” sərlövhəli yazıda pley-off mərhələsindəki rəqibi, Danimarkanın “Kopenhagen” komandasını mübarizədən kənarlaşdıran “Qarabağ” klubunun tarixi barədə ətraflı söhbət açılıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eləcə də ona bitişik ətraf rayonları işğal etdiyi üçün komanda ev oyunlarını paytaxt Bakıda keçirmək məcburiyyətində qalıb. İşğal altında olan Qarabağdakı Ağdam şəhərində qurulan və əsl “Qarabağ Ağdam” olan klub ilk dəfə sovet dövründə - 1966-cı ildə Azərbaycan çempionatında mübarizəyə qoşulub. Komanda 1988-ci ildə Azərbaycanda ilk çempionluğuna nail olub. Sovet İttifaqının dağılmasından sonra komanda ilk milli çempionatda çıxış etməyə başlayıb.

Məqalədə nəinki ağdamlıların, bütün azərbaycanlıların qüruru olan “Qarabağ” klubunun Ağdamın işğalından sonra ciddi problemlərlə üz-üzə qaldığı bildirilir. Qeyd edilib ki, klubun ev oyunlarını keçirdiyi “İmarət” stadionu 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin zərbələri nəticəsində yararsız hala düşüb. Bundan sonra klub öz bazasını Bakıya köçürmək məcburiyyətində qalıb. Bu vəziyyət azarkeşlər tərəfindən kluba verilən adlarda da özünü göstərir. Azarkeşlər arasında “Qarabağ” klubu qeyri-rəsmi olaraq “qaçqınlar”, “atlılar”.deyə də adlandırılır.

Məqalədə qeyd edilib ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi vəzifəsinə təyin olunması klubun həyatında ciddi inkişafa təkan verdi. Bu gün komanda həm də “Qafqazın “Barselona”sı kimi tanınır. Bu ad kluba 2009-2010-cu il mövsümündə UEFA Avropa Liqasının təsnifat mərhələsində “Rusenborq” və “Honka” komandalarını mübarizədən kənarlaşdırandan sonra azarkeşlər tərəfindən verilib.

Yazıda, həmçinin “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan 32 komanda arasında ən az büdcəyə malik komanda olduğu vurğulanıb. Buna baxmayaraq, klubun nəinki ağdamlılar, bütün azərbaycanlılar üçün əfsanəyə çevrildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan xalqı “Qarabağ” futbol klubunun uğurları ilə daim fəxr edir və onun qələbələrinə ürəkdən sevinir.

Bütün xəbərlər Facebook səhifəmizdə