Premyer Liqanın 2-ci turunda 6300 azarkeş qeydə alınıb

Premyer Liqanın 2-ci turunda 6300 azarkeş qeydə alınıb

Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunlarında qeydə alınmış azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun rekordu Qəbələdə qeydə alınıb. Şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Sumqayıt” matçını (1:0) 2500 tamaşaçı tribunalardan izləyib.

Turun ən aşağı azarkeş sayı isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Cəmi 200 tamaşaçı “Neftçi”nin debütant “Səbail”ə məğlubiyyətinin (0:1) canlı şahidi olub.

Digər oyunlardan “Azersun Arena”da keçirilmiş “Qarabağ” - “İnter” qarşılaşmasını (1:0) 1600, Yevlax şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Zirə” matçını (0:3) isə 2000 tamaşaçı izləyib.

Ümumilikdə, turun 4 qarşılaşmasını 6300 nəfər izləyib ki, bu da, hər oyuna orta hesabla 1575 tamaşaçı deməkdir. Xatırladaq ki, mövsümün ilk turunu orta hesabla 1881 nəfər azarkeş izləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə