PFL Unibank Premyer Liqasının qaliblərini mükafatlandırıb

PFL Unibank Premyer Liqasının qaliblərini mükafatlandırıb

Peşəkar Futbol Liqası (PFL) bu gün 2009-2010-cu il mövsümündə Unibank Premyer Liqasının qaliblərinin mükafatlandırma mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev, təhsil naizirinin müavini Elmar Qasımov, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və digər klub prezidentləri, nümyəndələri və futbolçular iştirak ediblər.

İlk öncə AFFA prezidenti R.Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycanda son ildə olan futbolun inkişafından danışıb. AFFA prezidenti 2009-2010-cu il mövsümündə Unibank Premyer Liqasının çox yüksək səviyyədə təşkil olunduğunu, yarışın sonunadək kimin qalib olduğunu müəyyənləşdirmək olmadığını bildirib.

Daha sonra isə PFL 2009-2010-cu il mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşılarını aşağıdakı 11 nominasiya üzrə mükafatlandırıb:

Ən yaxşı qapıçı – Fərhad Vəliyev ("Qarabağ")

Ən yaxşı müdafiəçi – Maksim Medvedev ("Qarabağ")

Ən yaxşı yarımmüdafiəçi – Aleksandar Şoliç ("Bakı")

Ən yaxşı hücumçu və ən sərrast oyunçu – Fərid Quliyev

Ən yaxşı məşqçi – Ramiz Məmmədov ("Qəbələ")

Bombardir – Fərid Quliyev ("Standart-Sumqayıt")

Mövsümün kəşfi – Araz Abdullayev ("Neftçi")

Ən yaxşı legioner – Jaba ("Bakı")

Ən yaxşı yerli futbolçu– Rəşad Sadıqov ("Qarabağ")

Ən yaxşı qolun sahibi – Georgi Adamiya ("Qarabağ")

Çempionatın ən yaxşı oyunçusu – Əfran İsmayılov

Nominasiyalar üzrə mükafatlandırma başa çatdıqdan sonra I Divizionda ilk 3 yeri tutmuş komandalara medallar təqdim olunub. "Gəncə" klubuna qızıl, MOİK-ə gümüş və "Bakılı" klubuna bürünc medallar verilib.

Premyer Liqanın qalibi "İnter" klubu, 2-ci yerə layiq görülmüş "Bakı" və üçüncü yerin sahibi "Qarabağ"a da medallar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə