Çingiz Hüseynzadə: “Dünya çempionatında uğurlu nəticə əldə etdik”

Çingiz Hüseynzadə: “Dünya çempionatında uğurlu nəticə əldə etdik”

Bu gün Azərbaycan Atletika Federasiyasının rəhbərliyi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasnın prezidenti Çingiz Hüseynzadə son dünya çempionatındakı nəticələr haqqında danışıb.

O qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir: "Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan bir zədələndiyi üçün yarışa 4 idmançı ilə qatıldıq və çox uğurlu nəticə əldə etdik. Dünya çempionatında 5-ci yeri tutmaq böyük nəticədir. İdmançılarımız çəkic atma və 3 təkanla tullanma yarışlarında 5-ci oldular. Hayle İbrahimovun isə nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu dünya çempionatı onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etmişdi və yüksək nəticə qazanmışdı. Onun dünya çempionatında iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı".

Ç.Hüseynzadə Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin dünya çempionu olmasına da münasibət bildirib: "Sevindirici haldır ki, bizim keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu. Bu, böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz edəndə Ramilin medal qazanmaq şansı olduğunu gördük. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və ortaq qərar verdik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını qaldırsın. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Dünya Atletika Federasiyasının prezidenti də birinci olaraq Azərbaycanı təbrik etdi".

O, R.Quliyevin Azərbaycan yığmasından ayrılandan 4 il sonra buradakı nəticələrini təkrarladığını bildirib: “Mənim R.Quliyevlə bağlı müsahibələrimi yenidən yayımlayırlar. Məndən 2015-ci ildə və Rio Olimpiadasında Ramilin nəticə qazanacağını soruşanda demişdim olmayacaq. Bəzi saytlar yazır ki, federasiya Ramilə pul vermirdi. Bütün dünyada idmançılar klubdan maaş alırlar. Ramil də “Neftçi” klubundan maaş alırdı. Onun maaşı heç bir idmançıdan az deyildi. R.Quliyev Azərbaycanda yeganə idmançıdır ki, 19 yaşında heç bir yüksək nəticəsi olmadan ona Prezident tərəfindən ev verilib. Ramil bildirmişdi ki, Azərbaycanda məşqi üçün şərait yox idi, manej soyuq idi. Manej indi də soyuqdur, qaçış yolu yoxdur. Bu federasiyanın yox, ümumi problemlərdir. Yığma komandamız da təlim-məşq toplanışını xaricdə keçir”.

Bütün xəbərlər Facebook səhifəmizdə