Namiq Abdullayev: “125 kq çəkidə alternativ güləşçilər hazırlanacaq” AÇIQLAMA
“Güləşçilərimiz dünya çempionatına yüksək səviyyədə hazırlıq keçirlər. İnanırıq ki, həmişəki kimi, bu dünya çempionatında da güləşçilərimiz qızıl medallar qazanacaqlar”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev deyib.
O bildirib ki, sərbəst güləş üzrə yığma komandamızın tərkibində 125 kq çəki dərəcəsində yarışan Cəmaləddin Məhəmmədov zədəli olduğu üçün yarışa qatılmayacaq: “Dünya çempionatı öncəsi yeni bir idmançının heyətə salınmaması məşqçilər korpusunun qərarıdır. Çünki hazırlıq prosesində həmin idmançılar iştirak etməyiblər. Məşqçilər korpusu düzgün qərar qəbul edib. 125 kq çəki dərəcəsində alternativ güləçilərin olmaması məsələsi ilə məşqçilər korpusu və federasiya rəhbərliyi ciddi məşğul olacaqlar. Qarşıdan gələn yarışlara bu çəkidə alternativ güləşçilər hazırlanacaq”.
Federasiyanın vitse-prezidenti Olimpiya çempionu Toğrul Əsgərovun zədəsinin hələ ki, sağalmadığını qeyd edib: “Həkimlərin rəyindən sonra onun əməliyyat olunub-olunmayacağı dəqiqləşəcək. Ancaq Toğrulun karyerasını nə zaman başa vuracağına gəlincə, bu, hər bir idmançının öz qərarıdır”.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı avqustun 21-26-da baş tutacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB