Elçin Cəfərov: “DÇ-də hər komandamızdan 2-3 medal gözləyirik” AÇIQLAMA

Elçin Cəfərov: “DÇ-də hər komandamızdan 2-3 medal gözləyirik” AÇIQLAMA

“Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandalarda vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlayacaq dünya çempionatına səylə hazırlaşırlar”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

O qeyd edib ki, yığma komandalar hazırlıq prosesində yaxşı iştirak edirlər: “Hamımız idmançılarımızdan yüksək nəticələr gözləyirik. Komandalarda ab-hava yüksəkdir. Hər kəs öz işi ilə məşğuldur. Yığmalarımızda hər şey qaydasındadır. Ümumilikdə hər komandamızdan 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk beşliyə düşmək şansı yaradır. İnanıram ki, idmançılarımız və məşqçilər korpusu bunun öhdəsindən gələcəklər”.

Federasiyasının vitse-prezidenti güləşçilərin maaşlarının gecikməsi ilə bağlı etirazlarına görə onlarla aralarında heç bir inciklik olmadığını vurğulayıb: “İdmançılarla heç bir inciklik ola bilməz. Hər kəs öz fikrini deyib və fikrində qalır. Kimin nə dərəcədə haqlı olduğunu zaman göstərəcək. Güləşçilərlə fərdi söhbətlər olub və bu, davam edəcək. Hər şey öz həllini tapır. İdmançının işi yaxşı məşq edib nəticə göstərməkdir. Çalışıb nəticələrini göstərsinlər. Yaxın zamanlarda hamı çəkdiyi əziyyətin bəhrəsini görəcək”.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı avqustun 21-26-da baş tutacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə