"Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunda sentyabrın 25-də səfərdə "Xəzər-Lənkəran"la qarşılaşacaq. Flaqmanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, klub rəhbərliyi bu oyundan əvvəl fanatlarla görüşmək qərarına gəlib və dünən "Flaqman" Azad Azarkeşlər Klubu İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Görüşü açıq elan edən fanklubun prezidenti Ceyhun Bədəlzadə "Neftçi" PFK-nın rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirəndən sonra sözü klubun vitse-prezidenti Tahir Süleymanova verib. Əvvəlcə fanatlara "Neftçi"nin prezidenti Sadıq Sadıqovun salamlarını çatdıran T.Süleymanov komandaya hər zaman dəstək olduqları üçün onlara təşəkkür edib: "Neftçi"də hazırda yüksək əhval-ruhiyyə hökm sürür. Komanda hər oyuna olduğu kimi, "Xəzər-Lənkəran"la görüşə də yüksək səviyyədə hazırlaşır. "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyi bunun üçün hər cür şərait yaradıb. "Neftçi" böyük və mehriban bir ailədir. Bu mehribançılığın nəticəsidir ki, komanda ardıcıl 5 oyundur qələbə qazanır. Flaqmanın "Xəzər-Lənkəran"la oyunu isə Azərbaycan futbolunun bəzəyidir. İnanırıq ki, ayın 25-dəki görüş "fair-play" qaydaları çərçivəsində keçəcək. Qoy bu oyundan Azərbaycan futbolu qazansın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB