Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi" ilə oyunu "Xəzər Lənkəran"ın kapitanı Kamran Ağayev üçün əlamətdar ola bilər. SİA-nın məlumatına görə, cənub təmsilçisinin rəsmi saytında bu barədə xəbər dərc olunub. Belə ki, qapıçı karyerasının şəxsi rekordunu bu matçda müəyyənləşdirməlidir. Söhbət Kamranın "quru" seriyasından gedir.
Cari mövsüm çempionatın 6 oyununda qol buraxmayan qolkiperi bu görüşlərdə meydanda olduğu 490 dəqiqə ərzində qapısının toxunulmazlığını qoruyub. Bu göstəricinin daha böyük olmasına isə AZAL-la qarşılaşmanın 40-cı dəqiqəsində zədələnərək meydanı tərk etməsi mane olub. Elə indiki göstərici də hələlik 2010/11 mövsümünün rekordudur.
Lakin Ağayevin ötən mövsümdən qalan "quru" dəqiqələri bu göstəricinin böyük olmasına imkan verir. Son çempionatın finişində "Bakı" ilə qarşılaşmasını cəza üzündən buraxan qapıçı bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. Lakin "Qarabağ"la matçda buraxdığdığı son qol oyunun 35-ci dəqiqəsinə təsadüf etmişdi. Bu isə o deməkdir ki, cari mövsümü 55 dəqiqəlik seriya ilə başlayan Kamran bu rəqəmi artıq 545-ə çatdırıb.
Mayın 9-dan ötən müddətdə çempionatda qol buraxmayan kapitan "Neftçi" ilə görüşdə 87 dəqiqə qol buraxmasa şəxsi rekordunu təkrarlamış olacaq. Lakin o, bu matçı da "quru" keçirməklə seriyasını daha da uzada bilər. 2007/08 mövsümünün də startında möhtəşəm oynayan qolkiper o vaxt yalnız VI turda qapısında qol görmüşdü. Əvvəlki çempionatdan qalan dəqiqələrin sayəsində Kamran 632 dəqiqə qapısında qol görməmişdi. Bu onun karyerasının ən yaxşı nəticəsidir ki, sentyabrın 25-də "Neftçi" ilə görüşdə bu rekord yenilənməlidir!
Çünki kapitan təkcə şəxsi rekordunu düşünməməli, daha böyük göstəricilərə imza atmalıdır. İlk növbədə o, "Xəzər Lənkəran" rekorduna da iddia etməlidir. Belə ki, Ağayevin indiyəqədərki şəxsi rekordu klubun tarixində III nəticədir. İndiyədək yalnız 2 qapıçı daha yaxşı seriyaya imza atıb. Serbiyalı Milorad Koraçın 650 dəqiqəlik seriyasını Kamran artıq VIII turda arxada qoya bilər. Təbii ki. Bunun üçün əvvəl "Neftçi" səddi keçilməlidir.
O ki, qaldı "Xəzər Lənkəran"ın çempionatlar tarixindəki rekorduna bu göstərici Aleksandr Martyoşkinə məxsusdur. Belaruslu qapıçı 735 dəqiqə qapısını toxunulmaz saxlayıb. Həmin göstərici Azərbaycan çempionatları tarixinə 11-ci nəticə kimi tarixə düşüb. Həm də Martyoşkin "quru" seriyaları qeydə alan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısındakı yeganə təmsilçimizdir. O, planetin 253-cü nəticəsinin müəllifidir. Həmin siyahıya ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyünü nəzərə alsaq Kamran VIII tura qədər səbr etməli və qol buraxmamalıdır. Çünki onu İFFHS-in siyahısından 115 dəqiqə ayırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB