Azərbaycan atleti dünya çempionatının finalında yarışacaq

Azərbaycan atleti dünya çempionatının finalında yarışacaq

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub. SİA-nın məlumatına görə, kişilərin üç təkanla uzunluğa tullanma yarışında iki idmançımız mübarizə aparıb. Onlardan biri Aleksis Kopello 16,89 metr nəticə göstərərək təsnifat mərhələsini yeddinci yerdə başa vurub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə adlayan 12 idmançı arasında ən yüksək göstəricini isə 17,20 metr nəticə ilə ABŞ idmançısı Kris Benard göstərib. On iki idmançının iştirak edəcəyi final mərhələsi avqustun 10-da baş tutacaq.

Digər idmançımız Nazim Babayev isə 14-cü yer tutub və həlledici mərhələyə vəsiqə qazandıran 12-ci yerdən geri qalıb.

Qeyd edək ki, komandamızın digər üzvü Hayle İbrahimov avqustun 9-da beş min metr məsafəyə qaçmaq yarışında gücünü yoxlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə