Ayşən Abduləzimova: "Hazırda bütün fikirlərim milli komanda ilə bağlıdır" MÜSAHİBIƏ

Ayşən Abduləzimova: "Hazırda bütün fikirlərim milli komanda ilə bağlıdır" MÜSAHİBIƏ

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi "Facebook" səhifəsi vasitəsilə azarkeşlərin suallarını cavablandırıb. SİA voleybolçunun müsahibəsini nəzərinizə çatdırır:

- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb və voleybolu ona sevdirən nə olub?

- Voleybolla 8 yaşımdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim və şadam ki, bu yolu seçdim.

- Avropa klublarında görərik, İnşAllah.
- İnşAllah. Mən bu barədə hələ heç nə deyə bilmərəm. Daha doğrusu, bu haqda düşünmürəm. Çünki hazırda bütün fikirlərim milli komanda ilə bağlıdır.

- Ən sevimli azarkeşlərin?
- Sözsüz ki, valideynlərim.

- Ən sevdiyin oyunçu kimdir?
- Vaxtı ilə İtaliya millisinin şərəfini qorumuş Simona Gioli.

- Bir şəkili balası olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?
- Düzünü desəm, yadımda deyil. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi, oralara mütləq gedəcəm.

- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?
- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm, gələcəyi isə zaman göstərəcək.

- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?
- 2014-cü ildə keçirilən dünya çempionatının ilk oyununu qeyd edərdim. Dünya reytinqinin üçüncüsü olan yaponlarla qarşılaşırdıq. O oyun yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, oyuna pis başladıq, amma toparlanıb tay-brekdə qələbə qazana bildik. Bu görüşü həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

- Karyeranızı nə vaxt bitirəcəksiniz?
- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var (gülür).

- 20 yaşdan voleybol oynamağa başlaya bilərəm?
- Həvəskar səviyyədə, əlbəttə ki.

Qeyd edək ki, ən maraqlı sualın müəllifi Ayşəndən xüsusi bir hədiyyə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə