Roman Qriqorçuk: "Top itkilərinə yol verirdik"

Roman Qriqorçuk: "Top itkilərinə yol verirdik"

"Qəbələ" Avropa Liqasının 2-ci mərhələsində “Yagelloniya” ilə ilk oyunda heç-heçə edib - 1:1. SİA-nın məlumatına görə, matçdan sonra "qırmızı qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

“Rəqib güclüdür, yaxşı təşkilatlanmış komandadır. İntizamlı futbol oynayırlar. İlk dəqiqələrdən oyuna nəzarət etmək istəsək də, bu alınmadı. Əksinə, oyunun əvvəllərində daha çox top itkisinə yol verdik. Ancaq sonradan uşaqlar nəzarəti ələ aldılar”.

- Bu gün inamsız təsir bağışlamağınız nədən qaynaqlanırdı?

- Rəqib intizamlı komandadır. Onlarda hər şey qaydasındadır. Onlar heyətlərinin özəyini qoruya biliblər. Üstəlik, artıq bir mərhələ adlayıblar. Oyun gözlədiyimiz kimi keçdi. Bizə nəzarəti ələ almaq lazım idi. Ancaq bunu bacarmadıq. Ardıcıl top itkilərinə yol verirdik. Futbolçular çox güc sərf etdiklərindən əsəbləşməyə başladılar.

- İlqar Qurbanov əvəzlənməzdən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?

- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzləmə istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdı. Bəlkə də, onun qıcolması tutmuşdu.

- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardı, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdu?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

- Cavab matçına necə hazırlaşmağı düşünürsünüz?

- Çalışacağıq bugünkündən daha yaxşı oynayaq. Ümid edirəm ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyik, futbolçular daha yaxşı formada olacaqlar. Bu gün hər iki komandanın qol vurmaq şansları oldu. Hər şey qaydasındadır.

- Araz Abdullayev bu gün harda idi?

- Araz bu gün “18-liy”ə salınmamışdı.

- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdür, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidir. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə