Almir Hurtiç: "Komandanın son turlarda sərgilədiyi performansdan razıyam" - MÜSAHİBƏ
"Muğan" klubunun baş məşqçisi, bosnyalı mütəxəssis Almir Hurtiç klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır:
- Komandaların son həftələrdəki nəticələrini necə qiymətləndirərdiniz?
- Doğrudur, son həftələrdə qələbəni təmin edə bilmədik və "Neftçi"yə qarşı keçirilən matçda da şanssız anlar yaşadıq. Düşünürəm hələ ki, turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir.Lakin, biz bununla kifayətlənmək fikrində deyilik. Bizi bu həftə və daha sonra çətin sınaqlar gözləyir.
- Son matçlarda 3 xalı əldə edə bilməməyinizi nə ilə əlaqələndirərdiniz?
- Bu, futboldur. Hər komanda üçün şanssızlıq dönəmi ara sıra olur. Komandanın son turlarda sərgilədiyi performansdan razıyam. Heyyətin mübarizliyi məni qane edir. "Neftçi" ilə keçirilən son oyunun 1-ci hissəsində bir növ müdafiə oyunu nümayiş etdirdik, bir sıra qol məqamları oldu. Bir epizodda isə biz qolun astanasında idik. İkinci hissə isə meydanda daha baxımlı futbol nümayiş etdirdik.
- Bu mövsüm üçün hədəfləriniz barədə deyə bilərsiniz?
- Bu mövsüm üçün hədəf ilk altılıqdır. Mənə elə gəlir ki, komanda heyətinin oyun səviyyəsi buna nail olmağa imkan verir. Lakin bunun üçün futbolçulardan çox şey tələb olunur.
Rəqibin kiminliyindən asılı olamayaraq onlar hər matça eyni dərəcədə məsuliyyətlə yanaşmalıdırlar. Mən onlarda məsuliyyət hissinin lazımi səviyyədə olduğunu düşünürəm və onlara güvənirəm. Nəticəni isə zaman göstərəcək.
- Hazırki futbol çempionatının səviyyəsi sizi qane edirmi?
- Həqiqətən hər yeni mövsüm biz daha səviyyəli və daha maraqlı qarşılaşmalar izləyirik. Təbii ki, bu irəliləyişdən xəbər verir. Sadəcə bir faktı qeyd etmək olar ki, artıq heç bir komanda üzərində asanlıqla qələbə qazanmaq olmur. Hər ötən matç daha mücadiləci xarakteri ilə seçilir. Bu çox müsbət haldır və Azərbaycan futbolunun inkişafından xəbər verir.
- Xəzər Lənkəranla şənbə günü keçiriləcək matçdan qələbə gözləmək olarmı?
- İstənilən halda biz bu matça da digərləri kimi qələbə üçün çıxacağıq. Matçın doğma divarlar arasında olması bizim üçün avantajdır və biz bundan maksimum dərəcədə yararlanmağa çalışacağıq.
- Hansı komandanı "Muğan" üçün ən güclü rəqib hesab edirsiniz?
- Bütün rəqiblər bizim üçün birdir və biz istənilən rəqibə qarşı keçirələcək matça eyni məsuliyyətlə hazırlaşarıq. Təbii ki, mücadilə nöqteyi nəzərdən turnir cədvəlində ön pillələrdə qərarlaşan komandalara qarşı keçirilən oyunlar adətən daha maraqlı olur.Çünki bu komandalar öz lider mövqeyini qoruyub saxlamaq üçün hücum futboluna üstünlük verir və bu təqdirdə "Muğan" da rəqibə qarşı eyni mövqedə çıxış edir.
- Azarkeşlərə nə demək istərdiniz?
- "Muğan"ın azarkeş dəstəyindən çox razıyam. Həqiqətən də onlar istənilən şəraitdə komandalarını dəstəkləməyi unutmurlar.
Növbəti matçda da onlardan dəstək gözləyirik və onları sevindirmək üçün səylərimizi maksimum dərəcədə ortaya qoyacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB