Məhbuslar arasında stolüstü tennis üzrə turnir keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Ədliyyə Nazirliyi Penitensiar xidmətin birgə tədbirlər planına əsasən 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlar arasında stolüstü tennis üzrə turnir keçirilib. BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri müəsissənin rəisi, ədliyyə polkovniki Müzəffər Məmmədov açaraq tərbiyə işini yüksəltmək məqsədilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tədbirlərin onların məsuliyyət hissinin və sabaha olan inamlarının artırılmasında böyük rol oynadıqlarını qeyd edib. O,  ümumiyyətlə son illər məhbusların  islah olunmasında mənəvi dəyərlərin aşılanmasında, onların kamilləşməsində rolu olan BŞGİBİ-nin fəaliyyətini xüsusi vurğulayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə mayoru İntiqam Əliyev də tədbirdə çıxış edərək stolüstü tennis turnirinin 2010-cu il üçün Penitensiar xidmətin cəzaçəkmə müəsissələrində məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqların artırılması sahəsində hər iki təşkilat tərəfindən birgə görüləcək işlərə dair tədbirlər planına müvafiq olaraq keçirildiyini vurğulayıb.
Baş İdarənin rəis müavini Aydın Yusifov isə təmsil olunduğu idarənin rəhbərliyi və kollektivinin məhkum qadınlara salamlarını çatdırıb və tezliklə öz ailələrinə qovuşmalarını arzu edib. O, müəssisədə olan qadınların Baş İdarə tərəfindən islahı prosesində önəmli nəticələr əldə etməsi məqsədilə bir çox tədbirlərlə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynayan turnirlərin də keçirildiyini bildirib, turnir iştirakçılarına uğurlar diləyib.
Müəssisənin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı Şakir Bayramov müəssisədə ilkin oyunların keçirilərək, ən güclü 10 qadının final mərhələsinə vəsiqə qazandığını bildirib, yarışların şərtləri haqqında məlumat verib.
Çıxışlardan sonra turnir iştirakçıları arasında püşkatma aparılıb. Stolüstü tennis üzrə respublika dərəcəli hakim Roza Moiseyeva tərəfindən idarə olunan və çox gərgin oyun şəraitində keçirilmiş turnirdə birinci yeri Hüseynova Tamam, ikinci yeri Ağazadə Gültəkin, üçüncü yeri isə Qulami Zubayə tutub.
Turnirin sonunda bütün yarış iştirakçıları Baş İdarə tərəfindən qiymətli xatirə hədiyyələri və ilk 3 yeri tutmuş qadınlar müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb, həmçinin müəssisəyə stolüstü tennis raketkaları, top və şarlar hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə