Formula 1-in idman direktoru: “Bakı Şəhər Halqası möhtəşəmdir”

Formula 1-in idman direktoru: “Bakı Şəhər Halqası möhtəşəmdir”

“Formula 1-in tarixində biznesin inkişafı ilə bağlı komanda fəaliyyət göstərməyib. Biz yeni qrup yaratmışıq. Bu, yarışın gələcəkdə iqtisadi cəhətdən daha yaxşı olması üçün fəaliyyət göstərəcək. Yeni yaradılan ekspertlər qrupu bununla məşğuldur”. SİA-nın məlumatına görə, bunu Formula 1-in idman direktoru Ross Braun Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Yarışın yeni təşkilatçıları Formula 1-də yeniliklər etməyi planlaşdırırlar. R.Braunun sözlərinə görə, komandalar arasında böyük büdcə fərqini aradan qaldırmağı və tamaşaçı marağını daha da artırmağı hədəfləyiblər: “Ekspertlər qrupu ilə birgə komandalar arasında fərqi aradan qaldırmağı, yarışın formatında dəyişikliklər etməyi nəzərdə tuturuq. Bunlar hamısı tamaşaçıların marağına hesablanıb. Biz qısa zamanda böyük nailiyyətlərə imza ata bilmişik. Çalışırıq ki, yarışı daha az xərclə keçirmək mümkün olsun. Bunun üzərində işləyirik. Bu, araşdırmalar tələb edir. Gəlirimizin böyük bir hissəsini isə büdcəsi az olan komandaların inkişafına yönəldəcəyik. Belə olan halda rəqabət və baxımlılıq artacaq. Komandaların sayını da 12-13-ə qaldırmaq istəyirik”.

İdman direktoru yeni reqlamentin müəyyən dəyişikliklərə öz təsirini göstərdiyini də deyib: “Ötmələr azalıb ki, bu da aerodinamikanın zəifləməsi ilə nəticələnib. Bununla bağlı araşdırmalar aparılır və növbəti reqlament dəyişikliyi zamanı bütün bunlar nəzərə alınacaq. Bolidlərin dizaynı xüsusi texniki göstəricilərə görə hazırlanır. Biz 2 bolidin hərəkəti zamanı hava axınının maneçilik törətməsinin qarşısını almaq üçün yeni dizaynların hazırlanması istiqamətində də yeniliklər edəcəyik. Bu hazırkı məqam rəqabətədavamlığı azaldır. 2021-ci ilədək əsas hədəflərdən biri bolidlərin motorunun yenilənməsi və güclənməsdir. Bunadək digər ciddi dəyişikliklər də olacaq. Bu, maşının çəkisi və digər məsələlərdir ki, o da 2019-cu ilədək həll ediləcək”.

R.Braun Azərbaycan Qran-Prisi haqda da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, apreldə Bakıda keçiriləcək 3-cü yarışda bəzi texniki dəyişikliklər ediləcək: “İlk dəfədir ki, Bakıya gəlirəm və Bakı Şəhər Halqası ilə də birinci dəfədir tanış oluram. Məni burda yaradılmış şərait valeh etdi. Bakı çox gözəl şəhərdir. Trekə gəlincə, Bakı Şəhər Halqası möhtəşəmdir. Yarışın uğurla və gözəl təşkil olunacağına ümid edirəm. Dünya çempionatı olduğu üçün rəqabətin hər bir ölkədə aparılması vacibdir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə