Arif Əsədov: "Yaxşı oynamasaq da, qalib gəldik"

Arif Əsədov: "Yaxşı oynamasaq da, qalib gəldik"

""Muğan"la görüşün çox çətin olacağı əvvəlcədən bizə məlum idi. Çünki milli komandanın və U-21-in oyunları ilə əlaqədar təxminən 10 gün tam heyətlə məşq edə bilmədik. Komanda yalnız 3-4 gün birgə hazırlaşıb, oyuna çıxmışdı. Üstəlik, güclü yağış yağdığından, məşqlərimizi əsasən sintetik örtüklü meydançada edirdik. Bütün bunlar isə komandanın uğurlu çıxışına çətinlik yaradırdı". SİA-nın məlumatına görə, bu sözləri "Muğan"la matçın ardından keçirilən mətbuat konfransında "Neftçi" klubunun rəsmi saytına baş məşqçi Arif Əsədov deyib.

Təcrübəli çalışdırıcı bu oyunda qarşıya qoyulan məqsədə çatdıqlarını söyləyib: "Bugünkü oyunda yaxşı oynamasaq da, qalib gəldik. Futbolda belə də olur. Təbii ki, bizim üçün ən vacibi 3 xal qazanmaq idi. Məqsədimizə çatıb, xal ehtiyatımızı artırdıq. Qarşıdakı oyunlarda "Neftçi"nin qələbə seriyasını davam etdirəcəyinə inanıram".

"Muğan"ın baş məşqçisi Almir Hurtiç isə bunları bildirib: "İlk hissədə komandamın oyunundan razı qaldım. Fasilədən sonra yetirmələrim fəallaşsalar da, qol vurmağı bacarmadılar. "Neftçi"nin xüsusilə sol cinahının güclü olduğunu bilirdik. Buna görə də əsasən bu cinahı zərərsizləşdirməyə çalışırdıq. Qələbə münasibətilə "Neftçi"ni təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə