Neft və qaz sənayesi işçilərinin XVIII spartakiadasının açılış mərasimi keçirilib

Neft və qaz sənayesi işçilərinin XVIII spartakiadasının açılış mərasimi keçirilib
ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən "Neftçi" İdman Sağlamlıq Mərkəzi idmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtının səmərəli təşkil olunması istiqamətində uğurlu fəaliyyət göstərir. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərkəz neft və qaz sənayesi işçiləri arasında müxtəlif yarışlar təşkil edir ki, bunların da çoxu ənənəvi xarakter daşıyır. Hər il 20 sentyabr "Neftçilər günü" peşə bayramı ərəfəsində keçirilən neft və qaz sənayesi işçilərinin Spartakiadası belə ənənəvi idman tədbirlərindəndir. Sentyabrın 14-də Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində XVIII spartakiadanın təntənəli açılış mərasimi olub. Mərasimdə çıxış edən ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin rəisi Bədəl Bədəlov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Rauf Əliyev, Neft-Qaz İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Cahangir Əliyev ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb, spartakiada iştirakçılarına uğurlar arzulayıb. Spartakiada ARDNŞ-nin 35 müəssisəsini təmsil edən komandalar arasında keçirilir. Yarışda 14 idman növü üzrə 1441 nəfərin iştirakı nəzərdə tutulub ki, onlardan da 281-i qadınlardır. Yarışlar Tofiq İsmayılov adına OTİK-də, üzgüçülük növündə isə "Start" İdman Kompleksində keçirilir. Spartakiada sentyabrın 19-da öz işini sona çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə