“Sauber” Bakıda komanda rəhbəri olmadan yarışacaq

“Sauber” Bakıda komanda rəhbəri olmadan yarışacaq

Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparmaq üçün Bakıda olan “Sauber” komandası şok xəbər alıb. SİA-nın məlumatına görə, komandanın rəhbəri Monişa Kaltenborn vəzifəsindən uzaqlaşdırılıb. Bakıya yaxşı nəticə qazanmaq üçün gələn isveçrəlilər yarışda komanda rəhbəri olmadan çıxış edəcəklər.

Xatırladaq ki, hindistanlı M.Kaltenborn “Sauber” komandasına 2000-ci ildə gəlib və 2010-cu ildə Piter Zauberin BMW ilə bağladığı müqavilədən sonra idarə heyətinin rəhbəri olub. O, eyni zamanda komandanın səhmdarı idi. M.Kaltenborn 2012-ci ildə Piter Zauberin ayrılmasından sonra “Sauber” komandasının rəhbəri olaraq, Formula1 tarixində ilk qadın komanda başçısı statusunu qazanmışdı.

İsveçrə təmsilçisi M.Kaltenbornun rəhbərlik etdiyi ilk mövsümdə 3 podium qazanaraq, mövsümü 6-cı yerdə bitirmişdi. Növbəti mövsümdə isə “Sauber” “Toro Rosso” və “Williams” kimi komandaları qabaqlayaraq, 7-ci olmuşdu. Komandası 2014-cü ili xalsız sonuncu yerdə, 2015-ci ili 36 xalla 8-ci, 2016-cı ili isə 2 xalla 10-cu yerdə başa vurub. Bu mövsümə də pis başlayan isveçrəlilər keçən ilk 7 yarışdan yalnız birində xal qazana biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə