Niko Hülkenberq: “Bakı Şəhər Halqası təqvimdəki ən sürətli şəhər trasıdır” AÇIQLAMA
“Bakı Formula 1 üçün yenidir, buna görə də, maraqlıdır. Qədim şəhərin dar küçələrində bolidi yaxşı idarə etmək və konfiqurasiyanı tam əzbərəmək üçün vaxt lazımdır. Bakı ekzotik şəhərdir və digərlərinə bənzəmir”. SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq “Renault” komandasının sürücüsü Niko Hülkenberq deyib.
O, Bakı trekində yarışmaq üçün bolidi peşəkarlıqla idarə etmək lazım olduğunu bildirib: “Orada bir neçə gözəl və qədim evlər var. Trasın ən dar hissəsi kərpicdən olan qala divarının yanından keçir. Bu, nadir haldır. Bakı Şəhər Halqasının bəzi hissələrinə baxanda deyə bilərik ki, Monte Karlo çox geniş trasdır! Bir neçə yerdə hasarın lap yanından keçirik ki, bu da cəsarət tələb edir”.
Pilot vurğulayıb ki, Bakı Şəhər Halqası təqvimdəki ən sürətli şəhər trasıdır: “Uzun düzlükdə və onun sonundakı kəskin döngədə ötmələr etmək mümkündür. Yarışı səbirsizliklə gözləyirəm. Bu il maşınlar daha enlidirlər və trasın ən dar hissəsindən keçmək çox maraqlı olacaq. Keçən il bura bütün sürücülər üçün tanış olmayan tras idi. İlk yarış mənim üçün uğurlu keçmişdi. Sıralanma turunda 12-ci olmuşdum və finiş xəttini doqquzuncu keçərək 2 xal qazanmışdım. İlk məşqləri xatırlayıram - tras çox xoşuma gəlmişdi. Ümid edirəm ki, bu həftəsonu da eyni zövqü alacam. Maşının potensialını da nəzərə alaraq, Bakıda yaxşı nəticəyə ümid edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB